NBA-nin son iki çempionu qarşılaşdı
NBA-dan maraqlı bir tədbir gəldi.
90plus.az xəbər verir ki, "Boston Seltiks" ilə əvvəlki mövsümün çempionu "Denver Naqqets", yeni mövsümə hazırlıq oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidəki Etihad Arenasında qarşılaşdı.
MUTOMBO ANILDI
Oyun öncəsi həftənin əvvəlində dünyasını dəyişən Dikembe Mutombo yad edildi və onun xatirəsinə hörmət duruşu keçirildi. Oyun "Denver Naqqets" komandası üçün Camal Murray, Kristian Braun, Maykl Porter Jr, Aaron Qordon və Nikola Yokic kimi əsas oyunçularla başladı. "Boston Seltiks" isə Crou Holiday, Derrick Uayt, Ceylen Braun, Ceyson Tatum və Luk Kornet ilə oyuna daxil oldu.
YOKIC İLK YARIDA FƏRQLƏNDİ
Qarşılıqlı xallar ilə başlayan mübarizədə bərabərlik ilk dövrənin sonunda "Naqqets" xeyrinə pozuldu. İlk dövrəni "Seltiks" qarşısında 32-25 öndə bitirən "Naqqets"də önə çıxan oyunçular Porter Jr və Nikola Yokic oldu. Hər iki komanda qarşılaşmanın ikinci dövrəsinə ehtiyat oyunçularına şans verərək başladı. Oyunu öz nəzarətində saxlayan "Naqqets", fərqi iki rəqəmli göstəriciyə yaxınlaşdırdı. Ehtiyatdan daxil olan Peyton Pritçardın effektiv çıxışı ilə "Seltiks" fərqi azaltsa da, fasiləni "Naqqets" qarşısında 63-56 geridə bitirdi. "Naqqets"də Yokic ilk yarıda 14 xal və 8 ribaund ilə oynadı.
"SELTIKS"-DƏ PRITÇARD PARLADI
Oyunun ikinci yarısına da yaxşı başlayan tərəf "Denver Naqqets" oldu. Rassel Vestbruk'un keçmiş günlərindən anlar yaşatdığı üçüncü dövrənin əvvəlində "Naqqets", fərqi iki rəqəmli göstərdi. Lakin "Naqqets"ın oyununa "Seltiks"-də dur deyən Pritçard oldu. Pritçard ardıcıl xalları ilə "Seltiks"i oyunda saxlayaraq, komandasının son dövrəyə yalnız 1 xal fərqlə 80-79 geridə girməsini təmin etdi.
Oyunun son dövrəsinə hər iki komanda daha əvvəl heç oyun şansı qazanmayan oyunçuları ilə başladı. "Seltiks"in ehtiyat oyunçuları daha effektiv performans göstərən tərəf oldu. "Seltiks", dördüncü dövrədə ilk dəfə öndə olduğu oyunda üstünlüyünü matçın sonuna qədər qorumağı bacardı. Son anları çox gərgin keçən oyunu "Seltiks", "Naqqets" qarşısında 107-103 hesabı ilə qazandı.
ƏN ÇOX XAL TOPLAYAN OYUNÇU PRITÇARD
Oyunun ən çox xal toplayan oyunçusu "Boston Seltiks"-dən Peyton Pritçard oldu. Pritçard, oyunu 21 xal, 6 asist və 4 ribaund ilə tamamladı. "Seltiks"-də digər diqqət çəkən oyunçu Tatum isə oyunu 12 xal, 6 ribaund və 5 asistlə bitirdi. "Naqqets"-də isə Nikola Yokic, ikinci yarıda heç bir dəqiqə oynamadığı oyunu 14 xal, 8 ribaund və 2 asist ilə tamamladı. Vestbruk və Porter Jr.ın da 12 xal töhfəsi məğlubiyyəti önləyə bilmədi.
ULDUZLAR KEÇİDİ
Digər tərəfdən qarşılaşmanı Tyeri Anri, Alessandro Del Piero, Roberto Karlos, İker Kasilyas, Cerard Pike və Ronaldinyo kimi məşhur keçmiş futbolçular da izlədilər.
BAZAR GÜNÜ YENİDƏN OYNAYACAQLAR
"Denver Naqqets" ilə "Boston Seltiks", bazar günü yerli vaxtla 17:00-da Etihad Arenada yenidən bir-birinə rəqib olacaqlar.