Ramos qırmızı almaq üçün "hər şey" etdi, sonda qovuldu
İspaniyalı müdafiəçi Serxio Ramos Meksikada "Rayados de Monterrey" komandasında meydana çıxdığı beşinci matçında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
90plus.az xəbər verir ki, komandasının "Pumas UNAM" üzərində 3-1 hesablı qələbə qazandığı oyunun 90-cı dəqiqəsində top oyunda olmadığı bir anda rəqib futbolçu Guillermo Martínez Ayalaya qarşı kobud hərəkət edən Ramos birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib.
"Pumas UNAM" baş məşqçisi Efrain Juarez Ramosun daha əvvəl kobud hərəkətlərinə görə oyundan kənarlaşdırılmalı olduğunu bildirib. O, xüsusilə 20-ci dəqiqədə Pablo Bennevendoya dirsək zərbəsi vuran Ramosun həmin anda qırmızı vərəqə almalı olduğunu vurğulayıb. Juarez əgər bu hərəkəti yerli bir oyunçu etsəydi, dərhal oyundan qovulacağını, lakin Ramosun məşhur olduğu üçün 90-cı dəqiqəyə qədər meydanda qaldığını ifadə edib.
Ramos, qırmızı vərəqə ilə bağlı sosial mediada zarafat edərək, "Bu liqanı qırmızı vərəqə almadan tərk etməyəcəyim aydın idi" deyə qeyd edib.
Meksika Futbol Federasiyasının İntizam Komitəsi Ramosun qırmızı vərəqəsini araşdıraraq, ona 1 və ya 2 oyunluq cəza verə biləcəyini açıqlayıb. Xüsusilə oyun boyunca etdiyi kobud müdaxilələr səbəbindən, Ramosun cəzasının daha ağır ola biləcəyi qeyd olunur.
Bu hadisə Meksika futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub və Ramosun oyun tərzi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.
© Copyright 2026, All Rights Reserved