Robert Levandovski “Barselona”dan gedir!
“Barselona”nın ulduz hücumçusu Robert Levandovski mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb. Polşalı forvard bununla “Kamp Nou”dakı dördillik dövrünü başa vuracaq.
90plus.az xəbər verir ki, Levandovski emosional paylaşımında “Barselona”ya gəldiyi gündən qarşısına qoyduğu məqsədlərə çatdığını bildirib:
“Çətinliklər və ağır zəhmətlə dolu dörd ildən sonra yoluma davam etməyin vaxtıdır”.
Təcrübəli futbolçu klub prezidenti Joan Laportaya, azarkeşlərə və Kataloniyaya təşəkkür edib.
2022-ci ildə “Bayern Münhen”dən transfer olunan Levandovskinin keçidi yaşına görə müəyyən şübhələrlə qarşılanmışdı. Lakin o, ilk mövsümündən etibarən məhsuldar oyunu ilə bütün tənqidlərə cavab verdi.
37 yaşlı hücumçu “Barselona” forması ilə 191 oyunda 119 qol vurub və klubun son illərdəki ən önəmli futbolçularından birinə çevrilib. O, Kataloniya təmsilçisi ilə birlikdə 3 dəfə La Liqa, 1 dəfə Kral Kuboku və 3 dəfə İspaniya Superkubokunun qalibi olub.
Məlumata görə, “Barselona” artıq yeni hücumçu axtarışına başlayıb və klub heyəti gəncləşdirmək niyyətindədir. Bu səbəbdən tərəflərin yollarını ayırmaq qərarı qaçılmaz görünürdü.
Levandovskinin karyerasını harada davam etdirəcəyi isə hələlik dəqiq deyil. Təcrübəli futbolçunun MLS, Səudiyyə Ərəbistanı klublarından və Avropadan təkliflər aldığı bildirilir.
© Copyright 2026, All Rights Reserved