Cəlal Hüseynov Bolqarıstan klubundan ayrılacaq
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov yay transfer dönəmində Bolqarıstanın “Arda” klubunu tərk etməyə yaxındır.
90plus.az xəbər verir ki, 25 yaşlı futbolçu gələcəyi ilə bağlı danışarkən karyerasında yeni mərhələyə keçmək istədiyini bildirib. O, hazırkı klubundan yeni müqavilə təklifi aldığını təsdiqləsə də, hələ yekun qərarın verilmədiyini qeyd edib.
Cəlal Hüseynov daha iddialı çempionatda çıxış etməyi planlaşdırdığını vurğulayıb:
“Klub mənə yeni müqavilə təklif edib. Amma hazırda razılıq yoxdur. Açığı, özüm də dəyişiklik etmək istəyirəm. Düşünürəm ki, burada üzərimə düşəni etmişəm və artıq daha yüksək səviyyəli liqada oynamağın vaxtıdır”(Report).
Müdafiəçi əsas məqsədinin inkişafını davam etdirmək olduğunu deyib:
“Özümü yeni mühitdə sınamaq istəyirəm. Elə bir ölkəyə və çempionata getmək niyyətindəyəm ki, orada futbol baxımından daha da irəli gedim”.
Qeyd: Cəlal Hüseynov son oyunda dublla "Arda"ya qələbə qazandırıb.
© Copyright 2026, All Rights Reserved