Mbappe: “Hazırda məşqçi məni dördüncü hücumçu kimi görür”
Madrid “Real”ında Kilian Mbappe ilə baş məşqçi Alvaro Arbeloa arasında gərginlik iddiaları futbol gündəmini zəbt edib.
90plus.az xəbər verir ki, fransalı hücumçu son açıqlamalarında komanda daxilindəki vəziyyət və oyun vaxtı ilə bağlı danışıb. Mbappe “Valverde–Çuameni insidenti” barədə xəbərlərə münasibət bildirərək hadisədən xəbərsiz olduğunu deyib:
“Bu barədə heç nə bilmirdim, məşq meydanından çıxanda nə baş verdiyini anlamamışdım”.
O, həmçinin start heyətində yer almaması ilə bağlı qərara da münasibət bildirib və özünü rotasiyada dördüncü hücumçu kimi gördüyünü etiraf edib:
“Hazırda məşqçi məni dördüncü hücumçu kimi görür. Mənə verilən dəqiqələrdə oynayıram və bunu qəbul edirəm. Start heyətində oynamağa hazır idim, amma qərara hörmət etməliyəm. Mənim işim daha yaxşı olmaq üçün çalışmaqdır — Qonsalo, Mastantuono və Vinidən üstün olmalıyam ki, oynayım”.
Mbappe həmçinin komandanı tərk edəcəyi ilə bağlı yayılan iddiaları da qəti şəkildə təkzib edib:
“Niyə gedim? Xeyr, mən “Real”dan ayrılmıram”.
Ulduz futbolçu əlavə olaraq mediada onun barədə yayılan fikirlərə münasibət bildirdiyini də vurğulayıb:
“Mən burda, öz dilimlə danışıram. Bəziləri danışmır, amma mən nə düşündüyümü açıq deyirəm”.
Digər tərəfdən, Arbeloa Mbappenin “dördüncü hücumçu” iddialarına cavab verərək bu sözləri təkzib edib:
“Mənim dörd hücumçum yoxdur və mən heç vaxt Mbappeyə belə bir şey deməmişəm. Ola bilər ki, o, məni düzgün başa düşməyib”.
Mütəxəssis komanda daxilində heç bir problemin olmadığını da əlavə edib.
Mbappenin açıqlamaları isə İspaniya mətbuatında geniş rezonans doğurub və klub daxilində fikir ayrılığı iddialarını gücləndirib.
Mənbələr: elchiringuitotv; marca; F. Romano
© Copyright 2026, All Rights Reserved