“Man Yunayted” Kerrikə 2 illik müqavilə təklif edib
“Mançester Yunayted” baş məşqçi postu ilə bağlı qərarını verib.
“Qırmızı şeytanlar” mövsümün gedişində komandanı çalışdıran Maykl Kerriklə uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir.
90plus.az xəbər verir ki, klub rəhbərliyi ingiltərəli mütəxəssisin işindən razı qalıb və onun daimi baş məşqçi kimi fəaliyyətini davam etdirməsinə qərar verib.
Məlumata görə, bu plan bir neçə həftədir klub daxilində müzakirə olunurdu və nəhayət, “Mançester Yunayted”in sahibi Ser Cim Ratkliff də razılığını verib. Hazırda tərəflər arasında son danışıqlar aparılır.
Klub Kerrikə 2 illik müqavilə və əlavə bir mövsümlük uzatma opsiyası təklif edib. Alternativ variant kimi birbaşa 3 illik müqavilə də gündəmdədir. Hər iki halda tərəflər arasında prinsipial razılığın əldə olunduğu bildirilir.
“The Athletic”in yaydığı məlumata əsasən, “Mançester Yunayted” rəhbərliyi müqavilənin bazar gününə qədər imzalanmasını istəyir. Həmin gün komanda mövsümün son ev oyununa çıxacaq.
Rəhbərlik yeni baş məşqçi variantlarını da nəzərdən keçirsə də, yekunda seçim Maykl Kerrikin üzərində dayanıb. Klub onun müvəqqəti baş məşqçi kimi işlədiyi dövrdə komandanın göstərdiyi oyundan və nəticələrdən razı qalıb.
Qeyd: Maykl Kerrik futbolçu karyerasında uzun illər “Mançester Yunayted”in formasını geyinib və azarkeşlərin rəğbətini qazanan simalardan biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved