“Roma” azarkeşləri Fransada saxlanıldı
24 sentyabr tarixində UEFA Avropa Liqasının ilk turu çərçivəsində “Nitsa” və “Roma” klubları arasında Fransada keçiriləcək qarşılaşma öncəsi ciddi insident yaşanıb.
90plus.az xəbər verir ki, İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, ötən gün axşam “Nitsa” və “Roma” azarkeşləri arasında Fransanın “Place Massena” meydanında kütləvi qarşıdurma baş verib. Hadisə zamanı “Nitsa”nın radikal azarkeş qrupu olan ultralar “Romada yalnız ‘Latsio’ var” şüarları səsləndiriblər, bu isə qarşı tərəfdə qıcıq yaradıb.
Toqquşma zamanı vəziyyəti nəzarət altına almaq üçün 200 polis əməkdaşı cəlb olunub. Nəticədə 102 nəfər saxlanılıb, hadisə yerindən dəmir çubuqlar və dəyənəklər müsadirə olunub. Hüquq-mühafizə orqanları təhlükəsizlik məqsədilə bir sıra pubların fəaliyyətini vaxtından əvvəl dayandırıb.
UEFA hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Lakin gözlənilir ki, həm “Roma”, həm də “Nitsa” klublarının azarkeşlərinin davranışı ilə bağlı istintaq başlansın.
© Copyright 2026, All Rights Reserved