Türkiyəli baş məşqçinin yüksək maaşı İranda tənqid hədəfi oldu
İsmail Kartalın rəhbərlik etdiyi "Persepolis" futbol klubu İran Premyer Liqasında çempionluq şanslarını çətinə salandan sonra təcrübəli baş məşqçi tənqidlərin hədəfinə çevrilib.
90plus.az xəbər verir ki, xüsusilə, Kartalın yüksək maaşı ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
"Persepolis" son turda "Nassaji Mazandaran" komandasını 1:0 hesabı ilə məğlub etsə də, lider "Traktor" ilə xal fərqini 4-ə endirib. Lakin komandanın bir oyun artıq keçirməsi və çempionatın bitməsinə yalnız 4 həftə qalmış vəziyyətin gərginləşməsi Kartalın komandasının çempionluq şansını azaldıb.
İran mətbuatında "Persepolis" və Kartal haqqında tənqidlər artmağa başlayıb. İran milli komandasının sabiq köməkçi məşqçisi Cavad Manafi "Tasnim" agentliyinə verdiyi müsahibədə komandanın motivasiya çatışmazlığından əziyyət çəkdiyini və texniki heyətin bu problemi həll etməli olduğunu bildirib.
Manafi "Əvvəlki oyunlarda oyunçular daha istəkli idilər, amma son bir neçə oyunda bu istək və arzunun azaldığını gördük və təəssüf ki, bir neçə vacib xal itirildi" deyə əlavə edib. O, həmçinin "Persepolis"in çempionluq şansının çətinləşdiyini, lakin hələ də mümkün olduğunu qeyd edib.
İranlı futbol mütəxəssisi Kartalın "Persepolis"ə gəldikdə bir çoxlarının komandanın liqanı qazanacağını gözlədiyini, lakin işlərin çətinləşdiyini və çempionluğun artıq "Persepolis"in əlində olmadığını bildirib. O, "İsmail Kartaldan hələ xüsusi bir şey görmədik, gələn mövsümü gözləyəcəyik. Kartal, 'Persepolis'dən yüksək maaş alır və azarkeşlər bu məşqçidən yalnız çempionluq gözləyir. Kartaldan gözləntilər yüksəkdir və bu da onun işini çətinləşdirir" deyə vurğulayıb.
Hazırda "Persepolis" lider "Tractor" və ikinci sıradakı "Sepahan" ilə mübarizədə çətin bir mövqedədir. Komanda çempionluq şansını qorumaq üçün son dörd oyunda maksimum nəticə əldə etməli və rəqiblərinin xal itirməsinin gözləyəcək.