Türkiyəli qapıçı Fransa klubuna transfer olunur
Süper Liqa təmsilçilərindən olan “Eyüpspor” klubunun gənc və istedadlı qapıçısı Berke Özerin yeni komandası bəlli olub. Arxada qalan mövsümdəki uğurlu çıxışı ilə diqqət çəkən 25 yaşlı türkiyəli qapıçı karyerasını Fransada davam etdirəcək.
90plus.az xəbər verir ki, Fransa Liqa 1 komandalarından “Lill” Berke Özeri heyətinə qatmaq üçün “Eyüpspor”la razılığa gəlib. Transferin şərtlərinə əsasən, fransız klubu İstanbul təmsilçisinə 4,5 milyon avro transfer haqqı və əlavə olaraq 500 min avro performans bonusu ödəyəcək. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. “Lill” Berke ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Berke Özerin “Eyüpspor”la 2027-ci ilə qədər müqaviləsi mövcuddur və onun hazırkı bazar dəyəri təxminən 6 milyon avro civarında göstərilir. Transferdə diqqət çəkən məqamlardan biri isə “Fənərbağça” cəbhəsində yaşanıb. Belə ki, İstanbul nəhəngi daha öncə Berke Özerin “Eyüpspor”a keçidi zamanı gələcək satışdan 40% pay alma hüququ əldə etmişdi.
Lakin yayılan iddialara görə, “Fənərbağça” bu paydan imtina edərək, müqaviləyə yeni bir maddə əlavə etdirib – bu maddəyə əsasən, Berkenin “Lill”dən gələcəkdə başqa bir kluba satılması halında “Fənərbağça” 20% pay əldə edəcək.
Berke Özer geridə qalan mövsümdə “Eyüpspor”un heyətində TFF 1-ci Liqada göstərdiyi performansla diqqət mərkəzinə düşmüşdü. Gənc qapıçı Süper Liqa üçün potensiallı adlardan biri kimi qiymətləndirilirdi. Onun “Lill”ə keçidi həm oyunçunun şəxsi karyerası, həm də “Eyüpspor” üçün mühüm addım kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved