Valdas Dambrauskas: “Avrokuboklarda daha ağıllı həll yolları tapmalıyıq”
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” doğma meydanda Bolqarıstanın “Levski” klubuna 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
“Levski”ni təbrik edirəm. Əgər iki oyunda qol vurmursansa, deməli, rəqib növbəti mərhələyə daha çox layiqdir,” – deyə litvalı mütəxəssis bildirib.
Dambrauskas azarkeşlərə də təşəkkürünü bildirib:
“Stadionda əla atmosfer var idi. Təəssüf ki, onları sevindirə bilmədik. İndi bu hissləri unudub, diqqətimizi çempionata yönəltməliyik.”
Jurnalistlərin “Bu gün daha qorxaq “Sabah” gördük” fikrinə Dambrauskas belə cavab verib:
“Bu, oyunçularımıza hörmətsizlikdir. Əksinə, biz risk etdik. Rəqib risk etmirdi. Oyunun birinci hissəsində bir səhvimiz qolla nəticələndi. Daha sonra hücumları artırmağa çalışdıq, amma son ötürmələr çatışmadı.”
Baş məşqçi Cessi Sekidika və Pavol Şafrankonun əvəzinə oyuna daxil olan futbolçuların hücumda effekt verməməsinə də toxundu:
“Hər dəyişikliyin arxasında niyyətimiz oyunu gücləndirməkdir. Əgər qol vursaydılar, bizə təqdir ediləcəkdi. Təəssüf ki, bu gün bu dəyişikliklər işə yaramadı.”
Komandanın vaxtında transfer etməməsi ilə bağlı sualı Dambrauskas belə cavablandırıb:
“Rəqib bizdən daha dəyərli heyətə malik idi. Amma bu məğlubiyyətin səbəbi kadr çatışmazlığı deyil. Mən oyunçularımı dəyişməklə problemi həll edən məşqçi deyiləm. Daha çox işləməli və daha ağıllı yollar tapmalıyıq ki, gələn mövsüm avrokuboklarda daha uğurlu çıxış edək.”
Dambrauskas ölkə çempionatındakı hədəfləri də açıqlayıb:
“Məqsədimiz sadədir – hər oyunda qalib gəlməyə çalışmaq. Biz ən yaxşı nəticəni qazanmaq üçün maksimum gücümüzü ortaya qoyacağıq.”