Xulio Velaskes: “Qələbə üçün oynamışdıq, tapşırıqları yerinə yetirdik”
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” üzərində 2:0 hesablı qələbə qazanan Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Xulio Velaskes oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, ispan mütəxəssis nəticədən razı qaldığını bildirib:
“Əldə etdiyimiz nəticə məni xoşbəxt etdi. Oyunçularım verilən tapşırıqları yerinə yetirdilər. Biz ilk görüşdəki üstünlüyü qorumağı deyil, yenə də qələbəni hədəfləmişdik. "Sabah" bəzən bizə çətin anlar yaşatdı. Onların heyətində keyfiyyətli oyunçular var,” – deyə Velaskes bildirib.
Mətbuat nümayəndələrinin Bolqarıstandakı oyuna nisbətən daha rahat görünmələrinin səbəbi ilə bağlı sualını cavablandıran çalışdırıcı qeyd edib ki, heyətdə sadəcə bir dəyişiklik olub:
“Yalnız Rupanov start heyətində idi. Amma əsas səbəb futbolçuların nə etməli olduqlarını bilmələri idi. Hər biri fədakarlıq göstərdi.”
Komandasının müdafiədə sərgilədiyi inamlı oyuna da toxunan Velaskes, balanslı oyunun vacibliyini vurğulayıb:
“Həm hücumda, həm də müdafiədə yaxşı çıxış etdik. Xətlərarası əlaqənin düzgün qurulması əsas şərtlərdən biridir. Rəqibə uyğun planla oynayırıq.”
Avropa arenasında “Levski” ilə ilk mövsümünü keçirən Velaskes uzaq hədəfləri düşünmədiyini qeyd edib:
“Mənim yanaşmam sadədir: hər oyun bir finaldır. Yalnız qarşıdakı görüşlərə fokuslanıram.”
Velaskes “Sabah”ın heyətində seçilən oyunçu olub-olmadığı ilə bağlı suala isə fərdi fikirlər bildirməkdən imtina edib:
“Fərdi qiymətləndirmə verməyi sevmirəm. Amma Akim Zedadka ilə əvvəllər İspaniyada işləmişəm. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas yaxşı komanda formalaşdırıb. Klubun transfer bazarında da potensialı var.”