Yusif İmanovun penaltilər seriyası taktikası
9 qollu, 120 dəqiqə davam edən nəfəskəsən matçın qəhrəmanı “Sabah”ın qapıçısı Yusif İmanov Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Makkabi Hayfa” klubunu penaltilər seriyasında məğlub etdikləri oyundan sonra açıqlama verib.
90plus.az xəbər verir ki, 22 yaşlı qolkiper penaltiləri öncədən hiss etdiyini söyləyib:
"Dəhşətli dərəcədə temp var idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək qoymadılar, 120 dəqiqə dəstək oldular. Çox sağ olsunlar.
Penalti seriyasında həyəcan yox idi, özümə inanırdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, oyunda penalti qaytaracam. Çox şükür ki, oyunsonrası penaltilər seriyasında bunu bacardım.
Rəqibin bütün penaltiləri zamanı eyni istiqamətə - özümdən sola tullanırdım
Strategiya seçmişdim ki, bütün zərbələrdə ancaq eyni tərəfə tullanacam".
Qeyd: Avrokuboklarda 11-ci dəfə penaltilər seriyasına qalan Azərbaycan klubları ilk dəfə seriyadan qalib ayrıldı və növbəti mərhələyə adladı!
© Copyright 2026, All Rights Reserved