"Beşiktaş"ı udan Arda: "Bunu Fatih Terimdən öyrənmişəm"
"Şaxtyor Donetsk" klubunun baş məşqçisi Arda Turan "Beşiktaş" ilə keçirilən oyundan sonra mətbuat konfransında mühüm açıqlamalar verib.
90plus.az xəbər verir ki, gənc mütəxəssis həm oyun planı, həm də qarşıdakı matçla bağlı fikirlərini bölüşüb.
Arda Turan görüş barədə bunları deyib:
"Bura gəlib oynamaq asan deyil. Oyuna balanslı başladıq. Oyun planını futbolçularımın düzgün yerinə yetirməsi məni sevindirdi. Pozitivləri yanımıza alıb, neqativlərə fokuslanmalıyıq. Bu qədər asan 3 qol buraxmaq yolverilməzdir. Belə oyunları daha diqqətli oynamalıyıq. Əgər bir matça bu qədər hakim olursansa, daha fərqli nəticə almalısan."
Turan gənc oyunçularına dəstək olmağa davam edəcəyini də bildirib:
"Futbolçularım hələ çox gəncdir. Mən 19 yaşımda 'Bordo' ilə oyunda qırmızı vərəqə alıb matçı məhv etmişdim. Onların səhv etmək haqqını əllərindən almayacağam. Yuxarı səviyyəyə qalxmaq istəyiriksə, bu qədər sadə qollar buraxmamalıyıq."
Etdiyi dəyişikliklərlə bağlı danışan Turan, Fatih Terim-dən öyrəndiklərinə istinad edib:
"‘Gördüyünü etməkdən qorxma’ – bunu mənə Fatih Terim öyrədib. Baş məşqçi olaraq bu prinsiplə işləyirəm. Ən yaxşı müdafiə topa sahib olmaqdır. Bizim bütün ötürmələrimiz planlıdır. Plan xarici paslardan narahat oluram."
Turan "Beşiktaş" qapıçısı Mert Günokun oyunu ilə bağlı bunları deyib:
"Çox yaxşı uzun top atır. İkinci qolu da belə yedik. Amma qarşılamada planımızı dəyişmədik. Əgər qarşında Orkun, Gedson kimi oyunçular varsa, bəzən plan pozula bilər. Demir Ege də bəyəndiyimiz futbolçudur. Planımız ön sahədə pressinq idi. Topu qazanacağımıza inanırdıq. Yaxşı cinah müdafiəçilərimiz var. Gənclərə potensiallarını xatırlatmağa çalışırıq."
Sonda Arda Turan əlavə edib:
"Tur hələ bitməyib. 'Beşiktaş' keçid hücumlarından çox qol vuran komandadır. Növbəti oyuna 0:0 hesabı ilə çıxacağımızı demək istəyirəm."
38 yaşlı çalışdırıcı "Beşiktaş" prezidenti Serdal Adalıya və klub rəhbərliyinə göstərilən qonaqpərvərlik üçün təşəkkürünü də bildirib.