Bütün Türkiyə bunu danışır: Demirel - Güneş dialoqu - FOTOLAR
Türkiyə Superliqasının 17-ci turunda keçirilən “Trabzonspor” - “Bodrum” qarşılaşmasında (1:0) gərginlik müşahidə edilib.
90plus.az xəbər verir ki, oyun öncəsi və sonrası meydan sahibi komandanın 72 yaşlı baş məşqçisi Şenol Güneş həmkarı, 43 yaşlı Volkan Demirelə əl uzadaraq salamlaşmaq istəsə də, Demirel bu jesti qəbul etməyib.
Matçdan sonra təşkil olunan mətbuat konfransında Volkan Demirel hadisəyə münasibət bildirərək deyib: “Ölənlərə hörməti olmayan biri dirilərə heç hörmət etməz”.
O, həmçinin 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı Şenol Güneşin söylədiyi ifadələri xatırladıb: “Biz itkilərimizin acısını yaşayır, ölənlərin şəxsiyyətini müəyyən etməyə çalışırdıq. Amma o vaxt Şenol Güneş, o dönəmdə baş məşqçisi olduğu komandanı razı salmaq üçün “Hatayspor” və “Qaziantep”in çempionatda oynaya biləcəyini demişdi. Bu gün isə oyundan sonra tuneldə mənə “tərbiyəsiz” dedi. Əgər onun əlini sıxmamaqla tərbiyəsizlik etmişəmsə, bəli, mən tərbiyəsizəm. Amma sən də ölənlərin ruhuna hörmətsizlik etməklə əsl tərbiyəsizsən”.
Şenol Güneş isə məsələ ilə bağlı açıqlamasında belə deyib: “Mənim işim qonaqlara xoş gəldin deməkdir. Hətta it belə gəlsə, xoş gəldin deyərəm. Lakin ölənlər üzərindən özünü göstərməyə çalışan birinə hörmət etmərəm”.
Qeyd: 2023-cü ilin fevralında Türkiyədə, xüsusilə Hatay bölgəsində baş verən güclü zəlzələdə on minlərlə insan həyatını itirmişdi. Həmin dövrdə Volkan Demirel “Hatayspor”un, Şenol Güneş isə “Beşiktaş”ın baş məşqçisi idi. “Hatayspor” zəlzələdən sonra çempionatdakı iştirakını dayandırmışdı.
© Copyright 2026, All Rights Reserved