“Çelye”nin baş məşqçisi: “Psixoloji üstünük”
“Çelye”nin baş məşqçisi Riera: “Problem deyil, çağırışdır” — “Sabah”la revanş öncəsi açıqlama!
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Sabah”ı qəbul etməyə hazırlaşan Sloveniya təmsilçisi “Çelye”nin baş məşqçisi Albert Riera önəmli mesajlar verib. İspaniyalı mütəxəssis mətbuat konfransında komandasının oyun planı və ilk görüşdən sonra gördükləri işlər barədə danışıb.
“İlk matçda hiss olundu ki, fasilələr zamanı müəyyən həssaslığımız var. Bu aspekti nəzərə alaraq məşqlərdə həmin epizodlara xüsusi diqqət ayırdıq. Futbolda problem yaşamaq normaldır, əsas məsələ onu necə həll etməyi bilməkdir. Əgər bu bacarığın varsa, o zaman bu artıq problem deyil, çağırışdır,” – deyə Riera bildirib.
Təcrübəli çalışdırıcı ilk görüşdəki nəticənin komandaya verdiyi motivasiyadan da söz açıb: “Mövsümə qələbə ilə başlamaq çox önəmli idi. Bu, bizə psixoloji üstünlük qazandırdı. İndi isə cavab oyununa maksimum səviyyədə fokuslanmışıq”.
Xatırlatma: Komandalar arasında ilk qarşılaşma Bakıda keçirilib və “Çelye” 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu isə sabah, iyulun 17-də Bakı vaxtı ilə saat 22:00-da Sloveniyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved