“Çelye”nin hücumçusu: “Qollar mənim yox, komandanındır”
“Qollar mənim deyil, komandanındır” — Franko Kovaçeviç təvazökarlıq nümayiş etdirdi.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la cavab qarşılaşmasına hazırlaşan “Çelye”nin hücumçusu Franko Kovaçeviç mətbuat konfransında açıqlamaları ilə diqqət çəkib. İlk oyunda iki dəfə fərqlənən xorvatiyalı futbolçu komandaya təşəkkür etməyi unutmayıb.
“Bakıda matç istədiyimiz kimi başlamadı, amma sürətlə toparlandıq və sonda vacib qələbə qazandıq. Vurduğum hər iki qolda komandanın böyük payı var. Mən sadəcə son toxunuşu edib topu qapıdan keçirdim”, – deyə Kovaçeviç bildirib.
Futbolçu Sloveniyada özünü rahat hiss etdiyini və kollektivə tez uyğunlaşdığını da vurğulayıb:
“Burada hər şey qaydasındadır. “Çelye”yə gəldiyim gündən məni çox yaxşı qarşıladılar. Komanda ruhu yüksəkdir və bu, meydandakı oyunumuza da təsir edir”.
Rəqibin analizinə də toxunan hücumçu uğur formullarını belə izah edib:
“Uğur qazanmaq üçün rəqib haqqında hər şeyi bilmək vacibdir. Məşqçi isə bu məlumatlar əsasında plan qurur və biz onun göstərişlərini mümkün qədər dəqiq yerinə yetirməliyik”.
Xatırlatma: İlk oyun iyulun 11-də Bakıda baş tutub və “Çelye” 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı sabah — iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da Sloveniyada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved