Dünya Kuboku: “Çelsi” 1/8-də!
“Çelsi” Filadelfiyada “Esperans”ı 3:0 hesabı ilə məğlub edərək Klublararası Dünya Çempionatında 1/8 finalda “Benfika” ilə qarşılaşmaq hüququ qazanıb.
90plus.az xəbər verir ki, “Stamford Bric” təmsilçisi bu qələbəni Tosin Adarabioyo, Liam Delap və Tairik Corcun vurduğu qollar sayəsində əldə edib.
Filadelfiyadakı qarşılaşmanın ilk 45 dəqiqəsi olduqca sakit keçsə də, ilk hissənin son dəqiqələrində oyun “canlandı”. Enso Mareskanın komandası uzun müddət keyfiyyətli hücum epizodu yarada bilmədi. Lakin ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Enso Fernandesin cərimə zərbəsindən sonra Tosin başla fərqlənərək hesabı açdı.
Cəmi 2 dəqiqə sonra isə yenə Fernandesin ötürməsi ilə penalti meydançasının sol tərəfində topla buluşan Liam Delap rəqib müdafiəçidən çevik hərəkətlə sıyrılıb “Çelsi”dəki ilk qolunu vurdu – 2:0.
Birinci hissədə “Esperans” sürətli əks-hücumlarla təhlükə yaratmağa çalışsa da, son ötürmələrdə dəqiqlik çatmadı.
İkinci hissədə “Çelsi” topa tam nəzarət etməklə oyunu istədiyi tempdə idarə etdi. Mareskanın yetirmələri temp artırmadan rahat hücumlar quraraq rəqibə imkan vermədilər.
Matçın sonlarına yaxın – oyunun bitməsinə 10 dəqiqə qalmış, Andrey Santosun zərbəsi rəqibin əlinə dəysə də, hakimin əvvəlcə təyin etdiyi penalti VAR-dan sonra ləğv olundu.
Bununla belə, əlavə olunmuş dəqiqələrdə Tairik Corc fərqlənərək yekun hesabı müəyyənləşdirdi – 3:0. “Çelsi” növbəti mərhələdə C qrupunun qalibi “Benfika” ilə qarşılaşacaq.
“Esperans” isə D qrupunu 3 oyunda topladığı 3 xalla üçüncü yerdə başa vurdu.
© Copyright 2026, All Rights Reserved