Füzuli Məmmədov Premyer Liqaya geri qayıtmaq arzusundan danışdı
“Karvan Yevlax”dan ümid mesajı — Füzuli Məmmədov məğlubiyyətə baxmayaraq gələcəkdən danışdı.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda Karvan Yevlax səfərdə "Turan Tovuz"a minimal hesabla uduzub — 0:1. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Füzuli Məmmədov həm oyunu, həm də klubun gələcək perspektivlərini dəyərləndirib.
Mütəxəssis matçın əvvəlcədən gözlədikləri kimi çətin keçdiyini bildirib və futbolçuların meydanda sona qədər mübarizə apardığını vurğulayıb:
“Oyun çox gərgin keçdi. Hər iki komanda döyüşkən futbol oynayırdı. Rəqibi yaxşı təhlil etmişdik və komandamızı yalnız qələbəyə kökləmişdik.”
Məmmədovun sözlərinə görə, hesabda geri düşdükdən sonra taktiki dəyişikliklər edilsə də, bu addımlar nəticəni dəyişməyə kifayət etməyib:
“Sistem dəyişikliyinə getdik, əvəzlənmələr etdik. Məqsəd əvvəlcə hesabı bərabərləşdirmək, sonra isə qələbə qazanmaq idi. Amma ‘Turan Tovuz’un müdafiəsi çox etibarlı oynadı.”
Baş məşqçi komandasının matç boyunca rəqibi səhvə məcbur etməyə çalışdığını, lakin yaradılan azsaylı imkanlardan yararlana bilmədiklərini də qeyd edib:
“Yalnız bir real qol epizodumuz oldu. Təəssüf ki, onu da qola çevirə bilmədik.”
O, sonda rəqibi qələbə münasibətilə təbrik edib və avrokuboklarda uğurlar arzulayıb:
“‘Turan Tovuz’u təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram.”
Premyer Liqanı tərk etmələri ilə bağlı danışan Məmmədov isə gələcəyə nikbin baxdıqlarını bildirib. Onun fikrincə, klubun yenidən elitaya qayıtmaq üçün kifayət qədər potensialı var:
“İnfrastruktur baxımından Premyer Liqaya qayıtmaq üçün hər bir şəraitimiz mövcuddur. Heyətdə də potensiallı futbolçular var.”
Baş məşqçi yeni mövsüm üçün daha rəqabətədavamlı komanda qurmağın vacibliyini xüsusi vurğulayıb:
“Əgər geri qayıtmaq istəyiriksə, daha güclü kollektiv formalaşdırmalıyıq. Mövsüm bitəndən sonra rəhbərliklə bu barədə ciddi müzakirələr olacaq.”
Məmmədov cari mövsümdə itirilən xalların komandaya baha başa gəldiyini də etiraf edib. O, xüsusilə sadə səhvlərin nəticələrə təsir etdiyini düşünür:
“Çox oyunlarda qələbə qazana bilərdik. Amma bəzən uşaq səhvlərindən qollar buraxdıq. Həmin xallar bizə çox lazım idi.”
Sonda o, Turan Tovuz səfərinin hər zaman çətin olduğunu desə də, mövsüm ərzində xüsusilə ev oyunlarında daha çox xal toplamaq şanslarını əldən verdiklərini bildirib.