"Fənərbağça"lı futbolçu üçün Premyer Liqadan gələnlər var
"Fənərbağça - Kayserispor" oyunu öncəsi "sarı-göylər"in ulduzu Oğuz Aydını "div" liqadan izləyənlər olub.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasından bir klubun Türkiyə millisinin futbolçusu ilə bağlı planı üzə çıxıb.
Super Liqanın 32-ci turunda "Fənərbağça" bu axşam "Kayserispor"u qəbul edəcək. "Ülker Stadionu"nda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
"Qalatasaray" evdə "Bodrum FK" üzərində 2-0 hesablı qələbə qazanaraq bir oyun artıq keçirməklə xal fərqini 6-ya yüksəldib. "Fənərbağça" isə bu axşam meydana mütləq 3 xal hədəfi ilə çıxacaq və fərqi yenidən 3-ə endirmək üçün mübarizə aparacaq.
"Fənərbağça"da çətin oyun öncəsi diqqətlər Anderson Talişkaya yönəlib. "Sivasspor"la oyunda cərimə zərbəsindən vurduğu qolla qələbədə böyük pay sahibi olan braziliyalı ulduzun bu axşamkı performansı maraqla gözlənilir.
Digər tərəfdən, "Fənərbağça"-"Kayserispor" qarşılaşmasından əvvəl Oğuz Aydınla bağlı maraqlı bir məlumat ortaya atılıb. İngiltərə Premyer Liqasında çıxış edən bir klubun ulduz cinah oyunçusu ilə bağlı atacağı addım ortaya çıxıb.
Yay transfer dövründə "Alanyaspor"dan heyətə qatılan Oğuz Aydın bu mövsüm "Fənərbağça" forması ilə bütün turnirlərdə ümumilikdə 23 oyunda meydana çıxıb. Türkiyəli futbolçu həmin qarşılaşmalarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Oğuz Aydının "Fənərbağça" ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur. "Transfermarkt"ın məlumatına görə futbolçunun cari bazar dəyəri 8 milyon avrodur.
"Takvim" qəzetində yer alan xəbərə görə, İngiltərə Premyer Liqası təmsilçisi "Everton"un skautları bu axşam "Fənərbağça"-"Kayserispor" matçında Oğuz Aydını tribunalardan izləyəcəklər. Gələn məlumatlara görə, "Everton" yay transfer dönəmində futbolçu üçün "sarı-lacivərtlilər"in qapısını döyə bilər.