“Hesab daha böyük də ola bilərdi”
Misli Premyer Liqasının 27-ci turunda “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçiləri matçla bağlı fikirlərini bölüşüblər.
90plus.az xəbər verir ki, Azər Bağırov (“Kəpəz”in baş məşqçisi) məğlubiyyəti belə şərh edib:
“Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik.
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə bəsit qollar buraxdıq. İndi də “Karvan-Yevlax”la. Futbolçularımızla danışacağıq. İstənilən halda irəli baxacağıq”.
Bağırov həmçinin əlavə edib:
“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu”.
Füzuli Məmmədov (“Karvan-Yevlax”ın baş məşqçisi) görüşün çətin keçdiyini bildirib:
“Bilirdik ki, ağır oyun olacaq. “Kəpəz”in çox güclü heyəti var. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan çoxuna layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir”.
Mütəxəssis qalibiyyətin komanda üçün əhəmiyyətini də vurğulayıb:
“Qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.
Erkən qollarla bağlı isə o deyib:
“Əlbəttə. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi”.
Füzuli Məmmədov Rauf Rüstəmli barədə isə belə danışıb:
“Rauf hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bugünkü oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi”.
O, komandanın zəif nəticələrinə də toxunub:
“Çox nüanslar ola bilər. Xırda səhvlərdən rəqiblər bizə qol vurur. Dərhal futbolçularda psixoloji eniş yaranır. Onların potensialını bilirəm. Öz bacardıqlarını göstərə bilmirlər. Bəzi matçlarda çox yaxşı oynamışıq, qol da vurmuşuq, saymayıblar. Bəzən gözləmədiyimiz anlarda qollar buraxmışıq. Bu qollar komandanı məyus edir. Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik. Bu oyun da göstərdi ki, komanda top saxlaya, hücum qura bilir”.
Sonda isə o belə deyib:
“Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq”.