Kurban Berdıyev: “Bu uğur mənim üçün çox özəldir“
“Turan Tovuz”dan tarixi addım — Berdiyev avrokubok uğurunun sirrini açıqladı.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda "Turan Tovuz" minimal hesablı qələbə ilə "Karvan Yevlax" səddini aşdı — 1:0. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Kurban Berdiyev həm matçı, həm də klubun gələcək planlarını dəyərləndirib.
Təcrübəli mütəxəssis oyunun gözlənildiyi kimi çətin keçdiyini bildirib və futbolçuların tapşırığı düzgün yerinə yetirdiyini vurğulayıb:
“Futbolçulara əvvəlcədən demişdim ki, bizi ağır oyun gözləyir. Onlar məsuliyyəti tam anlayırdılar və sevindirici haldır ki, verilən tapşırığın öhdəsindən gəldilər.”
Bu nəticə ilə avrokuboklara vəsiqəni rəsmiləşdirən qərb təmsilçisinin uğuru Berdiyev üçün də xüsusi məna daşıyır. Baş məşqçi Azərbaycandakı nailiyyətini karyerasında fərqli bir mərhələ kimi qiymətləndirib:
“Bu uğur mənim üçün çox özəldir. Bura gələndə qarşımıza məqsəd qoyulmuşdu ki, tovuzlu azarkeşlərə sevinc yaşadaq. Son iki ildə ən aşağı nöqtədən başlayıb avrokuboklara vəsiqə qazandıq.”
O, layihənin formalaşmasında klub rəhbərliyinin rolunu ayrıca qeyd edib:
“Klub prezidenti bu layihəyə ürəyini qoyub. Həm ona, həm də bizi hər yerdə dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.”
Berdiyev növbəti mövsüm üçün heyətin ciddi şəkildə gücləndiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, artıq transfer işləri istiqamətində fəaliyyət başlayıb:
“Prezident heyətin gücləndirilməsi ilə bağlı tapşırıq verib. Yeni oyunçular üçün müxtəlif variantlara baxırıq.”
Baş məşqçi avrokubok faktorunun transfer bazarında böyük üstünlük yaratdığını düşünür:
“Futbolçular ilk növbədə klubun avrokuboklarda oynayıb-oynamadığına baxırlar. İndi bu baxımdan işimiz daha rahat olacaq.”
Təcrübəli çalışdırıcı növbəti mövsümün hədəfləri barədə danışarkən isə ehtiyatlı danışıb. O, iddialı nəticələr üçün keyfiyyətli heyətin vacibliyini vurğulayıb və nümunə kimi Premyer Liqanın çempionu "Sabah"ı göstərib:
“‘Sabah’ın güclü heyəti var və bunu nəticələrdə gördük. Yeni transferlər onların oyununu dəyişdi. Təbii ki, baş məşqçinin də rolu böyük oldu.”
Berdiyevin açıqlamaları göstərir ki, Turan Tovuz yalnız avrokuboklara vəsiqə qazanmaqla kifayətlənmək niyyətində deyil və klub artıq daha böyük hədəflər üçün hazırlığa başlayıb.