Kurban Berdıyev: “Həyəcanla bağlı idi”
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 30-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşün ağır keçdiyini bildirib və xüsusilə ikinci hissənin əvvəlində buraxılan qolun planlarını alt-üst etdiyini vurğulayıb:
“Ümumilikdə çox ağır oyun oldu. “Qarabağ” matçın böyük bir hissəsində təşəbbüsü öz əlində saxladı. Xüsusilə ikinci hissənin dərhal əvvəlində qapımızda gördüyümüz qol oyunumuza ciddi təsir göstərdi. Sonda vəziyyəti düzəltmək üçün müəyyən cəhdlərimiz olsa da, təəssüf ki, istədiyimiz nəticəni ala bilmədik”.
Kurban Berdiyev hesab edir ki, komandasının yaxaladığı qol imkanlarını dəyərləndirə bilməməsinin əsas səbəbi psixoloji gərginlik olub. Baş məşqçi ikinci yer uğrunda mübarizənin futbolçular üzərində əlavə təzyiq yaratdığını deyib:
“Fikrimcə, qol şanslarını qaçırmağımız birbaşa həyəcanla bağlı idi. Əgər həmin şanslardan yararlana bilsəydik, bu gün tamamilə başqa bir nəticə ola bilərdi. İkinci yer uğrunda mübarizə aparmağımız və nəzəri baxımdan buna hələ də şansımızın olması futbolçularda istər-istəməz əlavə həyəcan və gərginlik yaratmışdı”.
“Turan Tovuz”un çalışdırıcısı uzun müddətdir zədə səbəbindən komandadan uzaq düşən Denis Marandiçi barədə də danışıb. O, futbolçunun əməliyyatının uğurlu keçdiyini açıqlayıb:
“Onun əməliyyatı yaxşı keçib. Ümid edirik ki, o, növbəti mövsümdən etibarən yenidən komandamıza qoşulacaq”.
Qeyd: “Turan Tovuz” hazırda Premyer Liqada avrokuboklara iddiasını davam etdirir. “Qarabağ”la görüşdəki məğlubiyyət isə komandanın ikinci yer uğrunda mübarizəsini daha da çətinləşdirib.
© Copyright 2026, All Rights Reserved