Milan Şkrinyar: “Başqa seçimim yox idi”
“Fənərbağça” Milan Şkrinyarın transferini rəsmən açıqladı – 4 illik müqavilə bağlandı.
90plus.az xəbər verir ki, “Fənərbağça” azarkeşlərin uzun müddətdir gözlədiyi transferi gerçəkləşdirib. İstanbul klubu slovakiyalı müdafiəçi Milan Şkrinyarın keçidini rəsmi olaraq açıqlayıb.
Klubun yaydığı məlumata əsasən, ötən mövsümün qış fasiləsindən sonra icarə əsasında komandada çıxış edən 30 yaşlı futbolçu və onun klubu ilə tam razılıq əldə olunub. Təcrübəli arxa xətt oyunçusu “Fənərbağça” ilə 4 illik müqaviləyə imza atıb.
Şkrinyar 2025/26 mövsümündən etibarən hər mövsüm üçün 8 milyon avro məvacib alacaq. Bu müqavilə ümumilikdə 4 ili əhatə edir.
Şkrinyar: “İlk gündən özümü evdəki kimi hiss etmişəm”.
Transfer rəsmiləşdikdən sonra “Fənərbağça” Televiziyasına danışan Milan Şkrinyar klubda qalmaqdan məmnun olduğunu bildirib:
“Ailəmlə birlikdə yenidən bu komandada olduğum üçün çox xoşbəxtəm. Həmişə demişəm ki, yanvarda ilk dəfə gəldiyim andan etibarən özümü evdəki kimi hiss etmişəm. Azarkeşlərdən, klubdan, komanda yoldaşlarımdan daim sevgi gördüm. Yenidən bu formanı geyinəcəyim üçün sevincliyəm və birgə yolumuza davam edəcəyik”.
Slovak müdafiəçi transfer prosesinin ilk gündən aydın olduğunu da əlavə edib:
“Prezidentimizə, baş məşqçimizə, idman direktorumuza və bu prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Hər şey mükəmməl idi. Mənim üçün başqa seçim yox idi. Ümid edirəm ki, birgə uğurlara imza atacağıq. Azarkeşlərimizə isə səslənirəm – hər matçda bizə dəstəyiniz lazımdır”.
© Copyright 2026, All Rights Reserved