Morqan Qibbs Uaytın üzü əldən gedib
Qibbs-Uaytın durumu sual altındadır: “Nottingem Forest” yarımfinal öncəsi gözləyir.
90plus.az xəbər verir ki, "Nottingem Forest" UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunu öncəsi ciddi itki ilə üzləşə bilər. Komandanın aparıcı futbolçularından olan Morqan Gibbs-Uayt zədə səbəbindən həlledici görüşü buraxa bilər.
26 yaşlı yarımmüdafiəçi Premyer Liqada "Çelsi" ilə keçirilən son oyunda rəqib qapıçı Robert Sançes ilə toqquşma nəticəsində ciddi xəsarət alıb. Epizod zamanı hər iki futbolçu baş nahiyəsindən zədələnərək əvəzlənib.
Qibbs-Uaytın üz nahiyəsinə bir neçə tikiş qoyulub. Futbolçu sosial şəbəkədə paylaşdığı fotoda azarkeşlərə dəstəyə görə təşəkkür edib və aldığı zədəni nümayiş etdirib. Sançes də öz növbəsində paylaşım edərək həmkarına “səndə vəziyyət daha ağırdır, ümid edirəm yaxşısan” mesajını göndərib.
“Nottingem Forest”in baş məşqçisi Vitor Pereira futbolçunun durumu ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib:
“Sabah görəcəyik, oynaya biləcək ya yox. Bu, mənim qərarım deyil – oyunçu və tibbi heyət arasında veriləcək qərardır. Onunla və onsuz planımız var.”
Mütəxəssis əlavə edib ki, zədə beyin silkələnməsi ilə bağlı deyil. Bu səbəbdən futbolçu ciddi tibbi protokollara məruz qalmayıb və onun meydana çıxması əsasən yarasının sağalma sürətindən asılıdır.
Qeyd: "Nottingem Forest” Avropa Liqasının yarımfinalında "Aston Villa" ilə qarşılaşır. İlk oyunda 1:0 hesablı qələbə qazanan komanda cavab matçına üstün durumda çıxacaq. Görüş sabah Birmingemdə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved