Noyer Almaniya millisinə dönür: 5-ci dəfə
Noyer Almaniya millisinə qayıdır: 5-ci Dünya Çempionatına hazırlaşır.
90plus.az xəbər verir ki, Manuel Noyer yenidən Almaniya millisində oynamağa yaxındır. Almaniya mətbuatının yaydığı məlumata görə, təcrübəli qapıçı 2026-cı il Dünya Çempionatında yığmanın əsas qapıçısı olacaq.
40 yaşlı futbolçu 2024-cü ilin avqustunda milli karyerasını başa vurduğunu açıqlamışdı. Lakin son məlumatlara əsasən, o, yenidən yığmaya dönməyə hazırlaşır. Bu baş tutarsa, Noyer karyerasında 5-ci dəfə Dünya Çempionatında iştirak edəcək.
Plettigoal-un bildirdiyinə görə, “Bayern Münhen”in “Köln” üzərində 5:1 hesablı qələbəsində aldığı zədə ciddi olmasa, təcrübəli qolkiper Yulian Naqelsmannın yekun heyətinə daxil ediləcək.
Noyer mümkün qayıdışı barədə danışarkən ehtiyatlı açıqlama verib:
“Hazırda bu məsələ mənim üçün gündəmdə deyil. Mən tam sakitəm. Bu gün çempionluğu qeyd edirik. Gələn həftə isə Almaniya Kubokunun finalında çox vacib oyunumuz var”.
Dünya Çempionatında iştirak ehtimalı barədə suala isə o belə cavab verib:
“Bunu bilməyə ehtiyacınız yoxdur”.
Alman qapıçı əlavə edib ki, il ərzində Naqelsmannla daim əlaqədə olub:
“Bütün il ərzində əlaqəmiz olub, digər keçmiş məşqçilər və rəsmilərlə olduğu kimi. Burada xüsusi heç nə yoxdur”.
Noyer “Köln”lə oyunda ikinci hissədə ehtiyat tədbiri olaraq əvəzlənmişdi. O, zədəsi barədə də açıqlama verib:
“Baldırımda nəsə hiss etdim və risk etmək istəmədim. Xüsusilə gələn həftəni nəzərə alaraq. Buna görə də nəsə hiss etdiyimi dedim”.
Qeyd: Noyerin milliyə dönüşü baş tutarsa, bu qərar Almaniya yığmasının Dünya Çempionatı öncəsi ən diqqətçəkən hadisələrindən biri olacaq.
© Copyright 2026, All Rights Reserved