Osimhen Türkiyə futbolunda rekord məbləği adına yazdırdı
“Qalatasaray” Viktor Osimhenin transferini rəsmən açıqlayıb. Klubun yaydığı məlumata görə, nigeriyalı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.
90plus.az xəbər verir ki, Superliqanın son çempionu bu transfer üçün “Napoli”yə 75 milyon avro (təxminən 85.74 milyon dollar) ödəyib. Bu, Türkiyə futbolu tarixində indiyədək həyata keçirilmiş ən bahalı transferdir.
Əvvəlki rekord ötən ilin iyulunda “Fənərbaxça” tərəfindən müəyyən olunmuşdu. Həmin vaxt klub “Sevilya”dan Yussuf En-Nesirini 20 milyon avroya transfer etmişdi.
“Qalatasaray”ın məlumatında bildirilir ki, Osimhenin növbəti satışından əldə olunacaq məbləğin 10 faizi “Napoli”yə ödəniləcək.
“Futbolçu ilə 2025/26 mövsümündən etibarən qüvvəyə minəcək 4 illik müqavilə imzalanıb”, – klubun rəsmi açıqlamasında deyilir.
Müqaviləyə əsasən, 26 yaşlı futbolçu hər mövsüm üçün xalis 15 milyon avro maaş alacaq. Bundan əlavə, Osimhenə hər mövsüm üçün 1 milyon avro loyallıq bonusu və klubun reklam materiallarında adından və görüntüsündən istifadəyə görə 5 milyon avro dəyərində imic hüquqları ödəniləcək.
“Napoli” də bu razılaşmanın detalları ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd: Osimhen ötən mövsümü “Qalatasaray”da icarə əsasında keçirmişdi və İstanbul klubunda rekordlar qırmışdı. O, Superliqada 26 qolla bombardir olub və eyni zamanda bir mövsümdə ən çox qol vuran legioner kimi tarixə düşüb – ümumilikdə 37 qol.
Karyerası ərzində daha əvvəl “Lill” və “Volfsburq”da da çıxış etmiş Osimhen, Nigeriya millisində 40 oyuna 26 qol vurub.
© Copyright 2026, All Rights Reserved