PSJ futbolçu başına 1 milyon avro vəd edir
PSJ rəhbərliyindən böyük jest: ÇL kuboku üçün milyonluq bonus hazırlanıb.
90plus.az xəbər verir ki, PSJ Çempionlar Liqasının finalı ərəfəsində futbolçularını ciddi maliyyə mükafatı ilə motivasiya etməyə hazırlaşır.
Fransa nəhəngi mayın 30-da həlledici görüşdə “Arsenal”la üz-üzə gələcək. Paris təmsilçisi turnirin qalibi olacağı halda komanda üzvlərinin hər birinə təxminən 1 milyon avro bonus ödəniləcək.
Fransa mətbuatının məlumatına görə, bu məbləğ klubun ötən il Avropanın ən nüfuzlu klub turnirində uğur qazandıqdan sonra futbolçulara verdiyi mükafatla eynidir. Rəhbərlik ənənəni davam etdirərək bu dəfə də kubokun qazanılmasını xüsusi şəkildə qiymətləndirməyi planlaşdırır.
Bonuslarla bağlı bütün detallar mövsümün əvvəlində müəyyənləşdirilib. Klub və futbolçular arasında aparılan danışıqlarda komandanın aparıcı simaları – Markinyos, Əşrəf Hakimi, Usman Dembele və Vitinya iştirak ediblər.
Maraqlıdır ki, PSJ-də bonus sistemi yalnız əldə olunan nəticələrə əsaslanır. Liqa 1-də olduğu kimi, Çempionlar Liqasında da əlavə ödənişlər yalnız titul qazanıldığı halda qüvvəyə minir. Klub rəhbərliyi hesab edir ki, futbolçuların əsas məqsədi maliyyə qazancı deyil, kuboklar və tarix yazmaq olmalıdır.
© Copyright 2026, All Rights Reserved