"Qalatasaray" Sane və Osimhen üçün möhtəşəm imza mərasimi keçirdi
Yay transfer dövründə dünya futbolunun tanınmış ulduzları – Leroy Sane və Viktor Osimheni heyətinə qatan "Qalatasaray" bu transferləri ilə bağlı azarkeşlərinin qarşısında möhtəşəm bir imza mərasimi təşkil edib.
90plus.az xəbər verir ki, sarı-qırmızılı klub "Latsio" ilə keçiriləcək son yoxlama oyunundan öncə, "RAMS Park" stadionunda təşkil olunan mərasimdə azarkeşləri qarşısında yeni transferlərini təqdim edib.
Leroy Sane və Viktor Osimhen "Qalatasaray"a keçidlərini rəsmiləşdirən müqaviləyə azarkeşlərin qarşısında imza atıblar.
Mərasim öncəsi açıqlama verən klub prezidenti Dursun Özbək bunları deyib:
"Futbol komandamıza yeni qoşulan iki oyunçumuzun imza mərasimi üçün buradayıq. Son 3 mövsümün çempionu, sinəsində 5 ulduzlu loqo daşıyan komanda olaraq qürurluyuq. Bu uğurda əməyi olan bütün dostlarıma, Okan Buruka, futbolçularımıza və klub əməkdaşlarımıza təşəkkür edirəm. Hər yerdə bizə şərtsiz dəstək verən azarkeşlərimizə ayrıca təşəkkür edirəm. İndi yeni hədəfimiz var – Avropada uğur qazanmaq. Bu məqsədlə iki dəyərli transfer etdik. Onlardan biri Sane-dir. Almaniya millisinin əsas üzvlərindən biri olan bu futbolçu artıq "Qalatasaray" üçün tər tökəcək. Klubumuzun atdığı bu addımlar təkcə ölkəmizdə deyil, bütün dünyada maraqla izlənilir. Mövsüm bitər-bitməz bu addımı ataraq hər kəsi həsədləndirdik. Sane-yə xoş gəldin deyirəm və klubumuza verdiyi dəyərə görə təşəkkür edirəm."
Dursun Özbək həmçinin qeyd edib:
"Viktor Osimhen yalnız "Qalatasaray" azarkeşlərinin deyil, bütün futbolsevərlərin rəğbətini qazanıb. Daha önəmlisi isə klubumuz və azarkeşlərlə sözlərlə izah edilə bilməyəcək bir bağ qurub. Bu gün burada olması təkcə bizim fədakarlığımız deyil, onun göstərdiyi aidiyyət hissinin də nəticəsidir. Dünyanın ən böyük klublarını rədd edib "Qalatasaray"ı seçdi. Altıncı ulduzun ilk addımı kimi 26-cı çempionluq üçün yola çıxırıq. Bunun üçün çox çalışacağıq. Necə ki, 5-ci ulduz üçün birlik və əzmkarlıq göstərmişiksə, altıncı ulduza da eyni şəkildə çatacağıq. Qurucumuz Əli Sami Yenin qoyduğu hədəfə doğru irəliləyəcəyik və türk olmayan komandaları bir-bir məğlub edəcəyik."
İmza mərasimində azarkeşlərə səslənən Leroy Sane isə bunları deyib:
"Salam, "Qalatasaray" azarkeşləri! Burada olduğum üçün çox sevincliyəm. Bu azarkeşlərin qarşısında oynamağı səbirsizliklə gözləyirəm. Haydı, Cimbom!"
Nigeriyalı hücumçu Viktor Osimhen isə:
"Salam, "Qalatasaray"! Yalnız "Qalatasaray"!" – deyərək azarkeşlərin coşğusuna ortaq olub.