"Qalatasaray"a Almaniyadan pis xəbər - "O pula dəymir"
Mövsümün əvvəlində "Qalatasaray"dan Almaniyanın "Verder Bremen" klubuna icarəyə verilən Derrik Köhn haqqında qərar verildi.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın 2023/2024 mövsümünün qış fasiləsində "Hannover"dən 3,3 milyon avro qarşılığında transfer etdiyi Derrik Köhn mövsümün əvvəlində Almaniya təmsilçisi "Verder Bremen"ə icarəyə verilmişdi. "Verder Bremen" istəsə, 26 yaşlı oyunçunun transfer hüququnu 5,1 milyon avroya alma haqqına malikdir.
"Verder Bremen"in formasını 26 dəfə geyinən Derrik Köhn iki dəfə qol sevinci yaşayıb, iki dəfə də məhsuldar ötürmə ilə yadda qalıb. Alman klubunun bu futbolçu ilə bağlı qərarı artıq bəllidir.
Almaniyanın yüksək tirajlı qəzetlərindən biri olan BILD-in "Verder Bremen" müxbiri Yoana Vohlenberq (Joana Wohlenberg), "yaşıl-ağlar"ın Derrik Köhn haqqında nə düşündüyünü türk mediyasına açıqlayıb.
"Azarkeşlər arasında çox populyardır. Burada sadəcə bir il qalmasına baxmayaraq oyun günlərində onun formasını geyinən bir çox insanı görmək olur."
"Burada həqiqətən yaxşı başladı, dərhal qol vurdu. "Verder" cinah mövqeyində rəqabət yaratmaqda çətinlik çəkirdi, onunla bu vəziyyət dəyişdi. Xüsusilə həm sağ, həm sol cinahda oynaya bilən Feliks Aqu zədələndikdə, Köhn yaxşı çıxış etdi və daha çox şans qazandı. Lakin Aqu bu il güclü şəkildə qayıtdı və digər sol cinah oyunçuları üçün rəqabət çətinləşdi. Qışda icarəyə götürdükləri İssa Kaboré isə keçən həftə oyun heyətində belə yox idi."
"Klubun bu oyunçunu saxlamaq fikrində olmadığı düşünülür. Sadəcə 5 milyon avro deyil, bu məbləğ "Verder" üçün çox böyükdür. Güman edirik ki, onlar "Qalatasaray"la danışıqlar aparmağa çalışırlar, çünki bu qədər pula 'dəyəcəyini' düşünmürlər."
"Bu həftə zədələndi və məşqə çıxmadı. Bu vəziyyətin hər şeyi necə dəyişdirəcəyini və ya nə qədər ciddi olduğunu bilmirik."