"Qalatasaray"dan qapı xəttinə böyük transfer: Ederson razılıq verdi
"Qalatasaray" qapı xəttini gücləndirmək üçün növbəti böyük transferə hazırlaşır. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən braziliyalı qapıçı Edersonla aparılan danışıqlarda yekun mərhələyə keçilib.
90plus.az xəbər verir ki, təcrübəli qapıçı artıq "Qalatasaray"ın təklifinə "bəli" deyib. Hazırda transferin baş tutması üçün tək maneə qalıb – "Mançester Siti"nin tələb etdiyi 7 milyon avroluq təzminat məbləği. Əgər bu məbləğdə razılıq əldə olunarsa, Ederson rəsmi şəkildə "Qalatasaray"ın heyətinə qoşulacaq.
Transfer dövründə ilk imzanı Leroy Sane ilə atan, hücum xətti üçün isə Victor Osimhenlə danışıqlarını davam etdirən "Qalatasaray" rəhbərliyi qapı xəttinə ediləcək əlavəni də prioritet sayır.
Fernando Musleranın müqaviləsinin başa çatması və komandadan ayrılması ilə birlikdə klub bu mövqeyə təcrübəli bir ad axtarışına başlamışdı. Namizədlər arasında birinci sırada yer alan Ederson təcrübəsi və bacarığı ilə rəhbərliyi inandırmağı bacarıb.
"Mançester Siti" son olaraq "Bernli"dən keçmiş qapıçısı Ceyms Trefordu transfer edib. Hal-hazırda klubda üç qapıçı – Ederson, Treford və Stefan Orteqa – mövcuddur. Bu da Edersonun ayrılmasını daha real edir.
Türkiyə mediasında yayılan xəbərlərə görə, hazırda "Mançester Siti"dən illik 4 milyon avro maaş alan Ederson "Qalatasaray"ın ona təqdim etdiyi 6-7 milyon avro aralığındakı təklifi qəbul etməyə hazırdır.
Əgər bu transfer baş tutmasa, "Qalatasaray"ın alternativ planı da var: klub, "İnter"in təcrübəli qapıçısı Yann Sommeri gündəmdə saxlayır.
© Copyright 2026, All Rights Reserved