Quardiola: “Yamalın etdiyi humanitar mövqedir”
Pep Quardiola “Barselona”nın gənc ulduzu Lamin Yamalın Fələstinə dəstəyi ilə bağlı verilən suala sərt reaksiya göstərib.
90plus.az xəbər verir ki, mətbuat konfransında jurnalist Yamalın “Barselona”nın çempionluq paradı zamanı Fələstin bayrağını daşıyaraq İsraillə müharibəyə görə ölkəyə dəstəyini ifadə etməsi barədə sual ünvanlayıb, futbolçuların futboldankənar mövzulara qarışmalı olub-olmaması ilə maraqlanıb.
Qvardiola isə cavabında jurnalisti tənqid edib:
“Siz də sizə aid olmayan məsələlərə qarışırsınız? Siz buraya “Kristal Pelas”la oyun barədə sual verməyə gəlmisiniz, humanitar mövqelər barədə yox”.
İspaniyalı mütəxəssis daha sonra Yamalı müdafiə edərək futbolçuların cəmiyyətə təsirindən danışıb:
“Futbolçu sadəcə topun arxasınca qaçan biri deyil. O, milyonlarla insanın izlədiyi rol modeldir və dedikləri təsir gücünə malikdir. Ona görə də hansısa məsələni vacib hesab edirsə, fikrini bildirməsi tamamilə təbiidir”.
Qvardiola çıxışında humanitar məsələlərə toxunaraq emosional açıqlamalar da verib:
“Əgər ailəniz dağıntılar altında qalsaydı, o zaman futbolu düşünərdiniz? Mətbuat konfransına gəlib futbolçunun geyindiyi köynək və ya çempionluğu necə qeyd etməsi barədə sual verərdiniz? Əlbəttə ki, yox”.
Təcrübəli baş məşqçi sonda Yamalın mövqeyini “qürur duyulası humanitar addım” adlandırıb:
“Heç kimin nədən danışmalı olduğumuzu müəyyən etməyə haqqı yoxdur. Lamin Yamalın etdikləri qürur duyulası humanitar mövqedir və buna görə bütün dünyanın diqqət mərkəzinə çevrilib”.
© Copyright 2026, All Rights Reserved