Qvardiola Mourinyonu dəstəklədi: "Onunla razıyam"
İngiltərə Premyer Liqasında "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Lester Siti" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Joze Mourinyonun "Mançester Yunayted"i çalışdırdığı dövrdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, Qvardiola Mourinyonun "Mançester Yunayted"də ikinci yeri tutmasının karyerasındakı ən böyük uğurlardan biri olduğunu vurğulayan sözlərini xatırladaraq, hazırkı vəziyyətdə onu tam anladığını ifadə edib:
"Jozenin dediklərini xatırlayıram. 'Mançester Yunayted'in reallığını bilmirəm, amma o mövsüm ikinci olmağın ən böyük uğurlarından biri olduğunu dəfələrlə söylədi. Onu indi tamamilə anlayıram. Komanda möhtəşəmdir, amma bəzən belə hallar baş verə bilər. Belə vəziyyətlərdə daha böyük uğurlar əldə etmək mümkündür."
Mourinyo "Mançester Yunayted"də çalışdığı dövrdə, Premyer Liqada ikinci yeri tutmağın karyerasındakı ən böyük işlərdən biri olduğunu bildirmiş və bu fikrini belə əsaslandırmışdı:
"Karyeramda ən böyük işlərdən birinin 'Mançester Yunayted'lə Premyer Liqada ikinci yer tutmaq olduğunu desəm, 'Bu adam dəli' deyəcəksiniz. Bunu deyirəm, çünki insanlar pərdə arxasında nələrin baş verdiyini bilmirlər."
Qvardiolanın bu açıqlamaları komandasının mövsüm ərzində yaşadığı çətinliklər fonunda Mourinyonun keçmişdəki sözlərinə haqq qazandırdığını göstərir.
© Copyright 2026, All Rights Reserved