“Sabah”ın baş məşqçisi inamlı danışdı
“Sabah”ın baş məşqçisi: “Bu vəziyyəti dəyişmək öz əlimizdədir” — Dambrauskas revanş öncəsi inamlı danışdı.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda sabah səfərdə “Çelye” ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas görüş öncəsi fikirlərini bölüşüb.
Litvalı mütəxəssis ikinci oyunun həlledici rol oynayacağını vurğulayıb:
“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. İlk matçda son saniyədə buraxdığımız qol üstünlüyümüzü əlimizdən aldı, lakin avrokuboklarda hər şeyi bir oyun deyil, iki oyun həll edir”, – deyə Dambrauskas bildirib.
Təcrübəli çalışdırıcı qələbəyə fokuslandıqlarını açıq şəkildə ifadə edib:
“Hətta ilk görüş 2:2 başa çatsaydı belə, sabahkı oyunu qazanmalı idik. Rəqibi ciddi təhlil etmişik, son üç gündə effektiv məşqlər keçdik. Səfərimiz də problemsiz alındı. Bu gün son məşqimizi edəcəyik və tam şəkildə qarşılaşmaya hazır olacağıq”.
Dambrauskas komandasının analiz prosesinə də toxunub:
“İlk oyunda həm rəqibin etdiklərini, həm də bizim buraxdığımız səhvləri təkrar-təkrar izləmişik. İndi səhvləri düzəltmək, irəliləmək və ən əsası, öz gücümüzə inanmaq zamanıdır. Bu vəziyyəti dəyişmək bizim əlimizdədir”.
Xatırlatma: iyulun 11-də Bakıda keçirilmiş ilk matçda “Sabah” “Çelye”yə 2:3 hesabı ilə məğlub olub. Cavab qarşılaşması iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da Sloveniyada oynanılacaq.
© Copyright 2026, All Rights Reserved