“Sabah”ın rəqib baş məşqçisi oyundan danışdı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq “Çelye”nin baş məşqçisi Albert Riera bu gün mətbuat konfransı keçirib.
90plus.az xəbər verir ki, ispaniyalı mütəxəssis Bakıdakı oyundan öncə komandasının rəqibi barədə yetərincə məlumatlı olduğunu deyib.
Riera bildirib: “Əvvəllər rəqiblə bağlı informasiya toplamaq indiki qədər asan deyildi. İndi isə o qədər platforma var ki, istənilən komanda barədə məlumat əldə etmək mümkündür. ‘Sabah’ı yaxşı təhlil etmişik. Orada mənim vaxtilə ‘Qalatasaray’da komanda yoldaşım olmuş Cesse Sekidika da oynayır. Komandamız sabahkı oyuna tam hazırdır.”
Baş məşqçi heyətdəki dəyişikliklərdən də söz açıb: “Üç əsas futbolçumuz ayrıldı, amma yerinə yeni oyunçular gətirdik. Bu dəyişikliklər komandamızı daha da inkişaf etdirmək üçün edilib. Əminəm ki, nəticəsi müsbət olacaq. Nikbinik, inanıram ki, bu dəyişikliklər oyunumuzu gücləndirəcək.”
Albert Riera “Sabah”ın son mövsümlərdə avrokuboklarda sürpriz nəticələr əldə etməsinin onun üçün narahatlıq doğurub-doğurmadığı sualına da cavab verib: “Biz də böyük futbol ölkələrinin klublarına qarşı oynamışıq. Ona görə kimin kimi məğlub etməsi ilə bağlı məsələlər əsas meyar deyil. ‘Sabah’ın Azərbaycan Kubokunu qazandığını bilirik, rəqibə hörmətimiz var. Amma bizim də öz gücümüz var. Əsl cavabları cavab oyununda görəcəyik.”
Qeyd: “Sabah” – “Çelye” qarşılaşması iyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək və oyun saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 17-də Sloveniyada oynanılacaq.
© Copyright 2026, All Rights Reserved