Şafranko: “100 % gücümüzlə oynayacağıq”
“Hər birimiz 100 faiz gücümüzlə oynayacağıq” — Pavol Şafranko revanş öncəsi əzmlidir.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Çelye” ilə üz-üzə gələcək “Sabah”da futbolçular qələbə əzmi ilə yaşayır. Komandanın hücumçusu Pavol Şafranko qarşıdakı görüş öncəsi hazırlıq və motivasiya barədə danışıb.
Slovakiyalı forvard komandanın son günlərdəki məşqlərindən razı qaldığını bildirib:
“Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin də qeyd etdiyi kimi, son üç-dörd gündə keyfiyyətli məşqlər keçdik. İlk matçdan nəticə çıxarmağa çalışdıq və səhvləri analiz etdik”.
Şafranko matça tam fokuslandıqlarını və meydanda maksimum səviyyədə çıxış edəcəklərini vəd edib:
“İndi əsas məsələ bu günlər ərzində topladığımız enerjini sabahkı oyunda göstərməkdir. Bunu qətiyyətlə deyə bilərəm: meydanda hər birimiz 100 faiz gücümüzlə mübarizə aparacağıq”.
Xatırlatma: İyulun 11-də Bakıda keçirilən ilk qarşılaşmada “Sabah” doğma azarkeşləri önündə “Çelye”yə 2:3 hesabı ilə uduzub. Cavab oyunu isə sabah — iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da Sloveniyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved