Vernidub: “Sadəcə ‘Neftçi’ adına layiq oynamağa çalışırıq”
“Neftçi”dən 3:0-lıq qələbə — Vernidub Lobanovskinin oyun fəlsəfəsinə "dəydi" və heyət seçiminə aydınlıq gətirdi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda "Neftçi" doğma meydanda Şamaxı üzərində 3:0 hesablı qələbə qazanıb. Oyundan sonra komandanın baş məşqçisi Yuri Vernidub həm matçı, həm də komandanın ümumi yanaşmasını şərh edib.
Ukraynalı mütəxəssis “Neftçi”nin oyun fəlsəfəsindən danışaraq əfsanəvi Valeri Lobanovski ilə paralellərə ehtiyatla yanaşıb:
“Valeri Lobanovski böyük və əfsanəvi məşqçidir. Amma deməzdim ki, mən onun sistemini dərindən bilirəm və məhz onu tətbiq edirəm. Biz sadəcə ‘Neftçi’ adına layiq futbol oynamağa çalışırıq — aqressiv, pressinqə əsaslanan və topa nəzarət edən oyun.”
Vernidubun sözlərinə görə, komanda xüsusilə zəif reytinqli rəqiblərə qarşı erkən qol tapanda oyuna daha rahat nəzarət edir:
“Erkən qol vuranda oyun bizim üçün daha asan olur. Bu dəfə də belə oldu. İlk hissədə çoxlu epizodlarımız olsa da, istifadə edə bilmədik, amma fasilədən sonra məqsədimizə çatdıq.”
Baş məşqçi futbolçuların mental yanaşmasından da razı qaldığını bildirib:
“Oyunçuların ilk dəqiqələrdən müdafiəyə çəkilməməsi məni sevindirir. Onlar bu fəlsəfəni anlayırlar.”
O, həmçinin əvvəlki böyük qələbələrdən birini xatırladıb — Qarabağ üzərində əldə olunan nəticəni:
“Biz ‘Qarabağ’a qarşı fərqli planla oynadıq və bu bizə uğur gətirdi.”
Heyət dəyişiklikləri barədə danışan Vernidub xüsusilə qapıçı rotasiyasına toxunub. Kənan Piriç və Emil Balayev barədə qərarın taktiki olduğunu qeyd edib:
“Hər ikisi yaxşı qapıçıdır. Sadəcə ağır məğlubiyyətdən sonra dəyişiklik etmək lazım idi. Bu qərar bizə müsbət təsir etdi.”
O, eyni zamanda hücumçu xəttində Vensan Abubakar və gənc Ağadadaş Salyanski kimi futbolçulara verilən şanslara da toxunub:
“Kim məşqlərdə daha çox əzmkarlıq göstərirsə, oynayacaq. Bu bizim əsas prinsipimizdir.”
Sonda Vernidub qarşıdakı turda Sabah ilə keçiriləcək matça da münasibət bildirib. Onun sözlərinə görə, komanda yalnız nəticəyə fokuslanacaq:
“Başqa yolumuz yoxdur. Məqsədimiz mövsümü mümkün qədər yüksək pillədə bitirməkdir.”
Eyni zamanda o, turnir cədvəlində "Zirə" ilə olan rəqabətin davam etdiyini də vurğulayıb.