Avropa Liqası, Final: İngiltərə klubu - Almaniya klubu
“Aston Villa” və “Frayburq” Avropa Liqasının finalında!
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
"Aston Villa" yarımfinalda "Nottingem Forest" üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq finala yüksəlib. Qarşılaşmanın əsas qəhrəmanı iki qolla yadda qalan Con Makkinn olub.
Bununla da Unai Emeri son 44 ildə “Aston Villa”nı Avropa kuboku finalına çıxaran ilk baş məşqçi kimi tarixə düşüb.
Maraqlıdır ki, “Nottingem Forest” 1994-cü ilin oktyabrından bəri “Villa Park”da “Aston Villa”nı məğlub edə bilmir. Bu müddətdə birmingemlilər rəqibə qarşı 8 qələbə qazanıb, 3 oyun isə heç-heçə başa çatıb.
Digər yarımfinal görüşündə isə "Frayburq" "Braqa" üzərində 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
Almaniya klubunun heyətində Vinçenso Qrifo yenə ön plana çıxıb. 33 yaşlı futbolçu bu mövsüm UEFA Avropa Liqasında 9 qolda birbaşa pay sahibi olub. Qrifo həmçinin 350-dən çox oyunda forma geyindiyi “Frayburq”un tarixində ən çox qol vuran futbolçudur.
Beləliklə, UEFA Avropa Liqasının finalında “Aston Villa” və “Frayburq” üz-üzə gələcək.
Həlledici qarşılaşma 20 may tarixində, saat 23:00-da Tüpraş Stadionunda keçiriləcək. “Beşiktaş”ın ev arenası olan stadion Bosfor boğazına açılan mənzərəsi və 42 590 tamaşaçı tutumu ilə seçilir.
© Copyright 2026, All Rights Reserved