Ayxan Abbasov: "Hər oyundan sonra hakimlikdən danışıram"
"Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı".
90plus.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”a 0:3 hesablı məğlubiyyəti şərh edib: "İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".
Abbasov hakimin təyin etdiyi penaltiyə münasibət bildirib: "Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən "təzə qaydalar-təzə qaydalar" deyirlər... Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbərimiz yoxdur. Çox da danışmaq istəmirəm".
Qeyd edək ki, "Şamaxı" ardıcıl 3-cü oyunda uduzub.
© Copyright 2026, All Rights Reserved