Füzuli Məmmədov: “Son ana qədər mübarizə aparacağıq”
"Karvan"ın baş məşqçisindən məğlubiyyət şərhi: “İkinci qoldan sonra geridönüş çox çətin idi”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 30-cu turunda Karvan-Yevlax səfərdə Neftçi-yə 0:3 hesabı ilə uduzub. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Füzuli Məmmədov oyunu dəyərləndirib.
Mütəxəssis bildirib ki, komandası ilk qoladək plan üzrə çıxış etsə də, buraxılan toplar matçın axarını dəyişib:
“İlk buraxılan qola qədər komanda planlı şəkildə oynayırdı. Sadəcə mövqe səhvindən qapımızda gördüyümüz qol oyunumuza mənfi təsir göstərdi.”
Baş məşqçi xüsusilə ikinci qolun psixoloji baxımdan ağır təsir etdiyini vurğulayıb:
“Deyərdim ki, oyunumuzda eniş ikinci qoldan sonra baş verdi. Fasiləyə 0:2 hesabı ilə yollandıqdan sonra geri dönüş etmək çox çətin idi.”
Buna baxmayaraq, Məmmədov elitada qalmaq uğrunda mübarizənin davam edəcəyini deyib:
“Qarşıda hələ üç oyunumuz qalıb. Nə qədər ki şansımız var, son ana qədər mübarizə aparacağıq.”
O, əsas rəqiblərdən olan "Qəbələ" ilə xal fərqinə də toxunub:
“Hazırda aramızda 6 xallıq fərq var və biz onlarla öz meydanımızda qarşılaşacağıq. Bu fərqi aradan qaldırmaq üçün hər oyuna ciddi hazırlaşacağıq.”
Sonda isə təqvim sıxlığı ilə bağlı sualı qısa cavablandırıb:
“Daha az istirahət edəcəyik. Təqvim belə qurulub.”
© Copyright 2026, All Rights Reserved