“Konfrans Liqasında oynamağımızı arzulayırsız?”
“Konfrans Liqasında oynamağımızı arzulayırsız?” – Qurbanovdan maraqlı cavab gəldi.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.
Təcrübəli mütəxəssis ilk olaraq komandasının sıx qrafikə baxmayaraq göstərdiyi xarakterdən razı qaldığını bildirib:
“Futbolçularımı təbrik edirəm. Oyunlarımız sıx qrafikdə keçir, amma buna baxmayaraq sona qədər oyundan qopmadılar və əsl xarakter göstərdilər”.
Qurbanov qarşılaşma zamanı zədələnən hücumçu Musa Qurbanlı barədə də danışıb. Onun sözlərinə görə, futbolçunun dizində problem var:
“Zədənin bərpası üçün bir az vaxt lazım olacaq. Dünən məşqdə normal idi, amma epizod zamanı ayağı yerə düz düşmədi və ağrı yenidən baş qaldırdı”.
Baş məşqçi buraxılan qolda qapıçı Mateuş Koxalskinin də müəyyən payı olduğunu gizlətməyib:
“Sanki zərbəni ciddiyə almadı və daha rahat oynamaq istədi. Amma zərbə doğrudan da keyfiyyətli idi”.
Qurbanov son dəqiqələrdə meydana buraxdığı Ramil Şeydayev haqda isə xüsusi fikirlər səsləndirib:
“Ramil elə futbolçulardandır ki, oynamasa belə, həm oyunlarda, həm də məşqlərdə daim işgüzarlığı ilə seçilir. Bu gün onun son dəqiqə enerjisinə ehtiyac var idi”.
Təcrübəli çalışdırıcı sabiq hücumçuları Juninyonun mümkün qayıdışı barədə danışarkən bunun çətin göründüyünü vurğulayıb:
“O, hazırda Meksika kimi çox gəlirli liqada çıxış edir. Qayıtmaq istəsə, yox demərəm. Amma reallıqda bu, çətin görünür”.
Qurbanov yay transfer dönəmində heyətdə dəyişikliklərin olacağını da təsdiqləyib:
“Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, həm say, həm də keyfiyyət artsın”.
“Qarabağ”ın çalışdırıcısı avrokuboklarla bağlı səsləndirilən suala isə maraqlı reaksiya verib:
“Konfrans Liqasında oynamağımızı arzulayırsız? Daha çox Çempionlar Liqası və ya Avropa Liqasında iştirak etmək istəyərdik. Orada fərqli futbol və fərqli məsuliyyət var”.
Qurbanov daha sonra “Dinamo” ilə keçirilən Çempionlar Liqası oyunlarını da xatırlayıb:
“Həmin il oyun və heyət baxımından Çempionlar Liqasının əsas mərhələsinə düşməyə layiq idik. Zaqrebdə 0:3 hesabı heç də oyuna uyğun nəticə deyildi”.