Musleradan qol buraxan qapıçı: "İncimədim..."
Musleranın qolundan sonra "Kayserispor" qapıçısı danışdı.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın "Kayserispor" üzərində 3:0 hesablı qələbə ilə Türkiyə Super Liqasının 25-ci çempionluğunu qazandığı matçda təcrübəli qapıçı Fernando Muslera 89-cu dəqiqədə penaltidən qol vuraraq yadda qaldı. Bu, 38 yaşlı uruqvaylı qapıçının karyerasında ikinci qolu idi və klubla müqaviləsinin sona çatması ərəfəsində onun üçün simvolik bir an oldu.
Matçdan sonra "Kayserispor"un qapıçısı Bilal Bayazıt Musleranın penaltidən vurduğu qolla bağlı açıqlama verərək, Musleraya olan hörmətini ifadə etdi:
"Penaltini verməyə də bilərdi hakim, Morata mənim ayağıma vurdu. Mən artıq yerdə idim, ayağımı yuxarı qaldıra bilməzdim. Nəticədə Muslera qalıb-qalmayacağı bəlli deyil. Bəlkə onun son matçı idi. Ona da matçda bunu dedim . Gözəl bir dialoqumuz var Muslera ilə. Ona dedim: 'Vursan da sənə qarşı incimərəm'. Çünki örnək aldığım bir qapıçı, hörmət etdiyim bir qapıçıdır. Çox şey öyrəndiyim bir qapıçıdır hətta... 'Qalatasaray' haqlı olaraq çempionluğu qeyd edir. Onları təbrik edirəm."
© Copyright 2026, All Rights Reserved