Qurban Qurbanov: “Məğlub da ola bilərdik”
Misli Premyer Liqasının 31-ci turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra komandasının çıxışını və matçın gedişatını dəyərləndirib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə komandanı səfərdə dəstəksiz qoymayan azarkeşlərə təşəkkür edib. Qurbanov futbolçularının meydanda sona qədər mübarizə apardığını və onların oyunundan narazı qalmadığını bildirib.
“Futbolçularımız tam gücləri ilə oynadılar və onlara iradım yoxdur. Bu oyunda qalib də gələ bilərdik, məğlub da ola bilərdik”, – deyə baş məşqçi qeyd edib.
Qurbanov rəqib komandanın oyununu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, “Qəbələ” həm oyun baxımından, həm də nümayiş etdirdiyi xarakterə görə turnir cədvəlində daha yüksək pillələrə layiqdir:
“İntizamlı və döyüşkən bir komanda ilə heç-heçə etdik. Hesab edirəm ki, “Qəbələ” həm nümayiş etdirdiyi oyuna, həm də xarakterinə görə turnir cədvəlində bəlkə də daha yaxşı yerlərdə olmalı idi”.
“Qarabağ”ın çalışdırıcısı rəqibin baş məşqçisi Kaxaber Sxadadzenin işini də yüksək qiymətləndirib:
“Kaxaber Sxadadze burada yaxşı sistem qurub”.
Qurbanov oyun ərzində əvəzetməyə getməməsinin səbəblərinə də toxunub. O bildirib ki, texniki heyət matçın sonlarında dəyişiklik etməyi planlaşdırsa da, oyun ritminin pozulmasından ehtiyat edib:
“Ehtiyat etdik ki, meydandakı oyun sistemi pozula bilər. Həm də belə havada sonradan oyuna daxil olan futbolçularda adətən nəfəsalmada çətinliklər yaranır”.
Baş məşqçi əlavə edib ki, komanda qarşıdakı iki oyuna maksimum ciddi yanaşmalıdır:
“Artıq çempionatın sonuna yaxınlaşmışıq, həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda hələ iki oyunumuz var və həmin matçlara çox ciddi hazırlaşmalıyıq”.
Sonda Qurbanov ölkə kubokunda “Sabah”la keçirilən matçdan sonra AFFA İntizam Komitəsinin tətbiq etdiyi cəzələrlə bağlı danışıb. O, qərarı qəbul etdiklərini bildirib:
“Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Qərar verilib və biz də bu qərarla razılaşmalıyıq”.