Rəhbərlik Mbappenin “Real”ın uğursuzluğuna vecsiz yanaşdığını düşünür
"Real Madrid"in paltardəyişmə otağı və rəhbərliyi Kilian Mbappedən getdikcə daha çox narazı qalır.
The Athletic-in məlumatına görə, bu narazılıq zədələr, vaxtlama problemləri və futbolçu ətrafında yaranan əlavə səs-küylərin artması ilə bağlıdır.
90plus.az xəbər verir ki, gərginlik xüsusilə Mbappenin El-Klasikoda "Barelona"ya qarşı məğlubiyyəti buraxması və oyun zamanı sosial şəbəkədə paylaşım etməsi ətrafında yaranan mübahisədən sonra artıb.
Mbappe son dəfə 24 aprel tarixində “Real Betis”ə qarşı oyunda meydana çıxmışdı. O, həmin matçda bud əzələsində problem hiss etdiyini bildirərək əvəzlənməyi istəmişdi. Sonradan ona bərpa üçün vaxt verilib, lakin bu müddətdə İtaliyaya etdiyi səfərin klub daxilində yaxşı qarşılanmadığı, xüsusilə də "Espanyol" oyunundan qısa müddət əvvəl Madridə qayıtması narazılıq yaradıb.
Ən böyük problem isə onun sağlamlıq vəziyyəti ilə bağlı klubun kommunikasiya prosesində yaranıb. El-Klasikodan əvvəl onun oynayıb-oynamayacağı ilə bağlı ümidlər olsa da, klubun tibbi heyəti onu bütün həftə boyunca hazır hesab etməyib və nəticədə o, bazar günü səhər heyətdən çıxarılıb.
Bu vəziyyət Mbappenin klub daxilində “çox diqqət və səs-küy mərkəzində olan futbolçu” kimi qəbul edilməsinə səbəb olub. Hətta onun sadə bir Instagram paylaşımı belə mübahisə yaradıb, çünki paylaşım Madrid 0:2 geridə olarkən edilib.
Ümumilikdə bu vəziyyət tək bir hadisə kimi yox, klub daxilində ümumi məyusluq və narahatlıq atmosferinin bir hissəsi kimi qiymətləndirilir. Narahatlıq daha çox bir matçın buraxılması yox, davamlı diqqət, qarışıq siqnallar və meydandan kənar səs-küylə bağlıdır.
© Copyright 2026, All Rights Reserved