Samir Abbasov: "İndiki problem xal itirmək qorxusudur"
"Qalibiyyət üçün çıxmışdıq meydana. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdik".
90plus.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 11-ci turunda “Sabah”la oyunda qeydə alınan 0:0 hesablı nəticəni şərh edib: "Suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq. Birinci hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Bəlkə də komandada bundan qabaq baş vermiş proseslərdəndir. Proses deyəndə ki, qalibiyyətsizlik, uduzmaqları nəzərdə tuturam. Yavaş-yavaş futbolçulara da dedim ki, belə psixoloji durumu bu oyunlarla aşa bilərik. Qalib gəlsəydik, daha yaxşı olardı. Bugünkü bir xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, bu deyilik, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır. Çalışacağıq ki, tez edək".
Samir Abasov futbolçuların komandanın qələbələrə ehtiyacı oludğunu bildirib: "Qalibiyyət gəldikcə, hər şey öz yerinə oturacaq. Doqquz oyun udmamaq zarafat deyil. Əlbəttə ki, bu məqam futbolçulara psixoloji olaraq təsir edir. Yəni, "yenə uduzub haralara düşə bilərik" qorxusu var. Çalışırıq ki, birlikdə bunu aradan qaldıraq. "Sabah"la oyun bizim üçün çox önəmli idi. Düzdü, faciə baş verməyib. Amma ən azından bu psixoloji durumu pik nöqtəyə çatdırmaq üçün bu cür oyunları udmağa başlamalıyıq. Onlar da insandır, onlar üçün də çətindir. İndiki problem xal itirmək qorxusudur. Bunu aradan qaldırmalıyıq".
Qeyd edək ki, "Neftçi" Samir Abasovla ikinci oyunda xal itirib.
© Copyright 2026, All Rights Reserved