Yuri Vernidub: “Həyat bumeranqdır”
Vernidub: “Bu qələbə emosional sınaqdan keçdiyimizin göstəricisidir”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 30-cu turunda Neftçi doğma meydanda "Karvan-Yevlax" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Qarşılaşmadan sonra paytaxt klubunun baş məşqçisi Yuri Vernidub oyunu və komandasının hazırkı durumunu geniş şəkildə şərh edib.
Təcrübəli mütəxəssis bildirib ki, oyundan əvvəl əsas narahatlıq komandanın psixoloji vəziyyəti ilə bağlı olub. Xüsusilə ötən tur "Qarabağ" üzərində qazanılan gərgin qələbədən sonra futbolçuları növbəti matça kökləmək asan olmayıb:
“Qarabağla oyundan sonra futbolçularda böyük emosiyalar yaranmışdı. Yalan deməyəcəyəm, məhz bu səbəbdən bugünkü matça görə məndə müəyyən qədər həyəcan var idi. Adətən belə oyunlardan sonra emosional vəziyyət ideal olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gələ bildik. Oyunçularıma minnətdaram.”
Baş məşqçi komandanın qarşıdakı hədəflərinə də toxunub və hər oyuna final kimi yanaşdıqlarını vurğulayıb:
“Bizim üçün qalan hər oyun finaldır. Qarşıda ‘Şamaxı’, ‘Sabah’ və ‘Kəpəz’lə vacib qarşılaşmalar var. Futbolçular da başa düşürlər ki, bütün matçlarda maksimum gücümüzü göstərməliyik.”
Vernidub ölkə kubokunun taleyüklü finalı – "Sabah" və "Zirə" arasındakı oyuna da münasibət bildirib. O, hansısa komandaya azarkeşlik etməyin düzgün olmadığını açıq şəkildə qeyd edib:
“Finalda hansısa komandaya azarkeşlik etməyim etik deyil. Bəli, bəlkə ‘Sabah’ın qələbəsi bizə daha sərfəlidir, amma mən heç vaxt rəqibimə pis nəticə arzulaya bilmərəm. Həyat bumeranqdır.”
Komandada son həftələrdə sabit oyunu ilə seçilən müdafiəçi Falaye Sako barədə də xoş sözlər səsləndirən çalışdırıcı onun peşəkarlığını xüsusi qeyd edib:
“Sakoya xüsusi təşəkkür edirəm. O, əsl peşəkar futbolçudur və bunu hər oyunda göstərir. Böyük təcrübəsi var, vaxtilə Fransa çempionatında çıxış edib.”
Ukraynalı məşqçi ötən tur mətbuat konfransında sualları cavablandırmamasına da aydınlıq gətirib və səbəbin sırf psixoloji yorğunluq olduğunu bildirib:
“Birinci oyunda "Qarabağ"a 1:5 uduzmaq mənim üçün çox ağır idi. İkinci matçdan sonra isə o qədər yorğun idim ki, bəlkə də istəmədən nəsə deyə bilərdim. Buna görə danışmamağa qərar verdim. Bir daha üzr istəyirəm.”
Vernidub “Neftçi”də işləməyin məsuliyyətindən də danışıb:
“‘Neftçi’ kimi böyük tarixi olan komandada çalışmaq mənim üçün şərəfdir. Futbolçular da bu formanı geyinməyin nə demək olduğunu dərk etməlidirlər.”
Son günlər mətbuatda yayılan daxili narazılıqlar və mümkün transferlərlə bağlı iddialara isə baş məşqçi qəti mövqe sərgiləyib:
“Komandada heç bir konflikt yoxdur. Mən konfliktə meylli insan deyiləm. Biz hər zaman ortaq dil tapırıq. Yeni mövsüm üçün isə yalnız bizim oyun fəlsəfəmizə uyğun futbolçular seçəcəyik.”
Sonda mövsümün gedişinə də toxunan Vernidub ilk üçlükdən kənarda qalmalarının səbəblərindən danışıb:
“Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim dövrümdə də bəzi itkilər oldu. Amma komandanı inkişaf etdirmişik. Əgər mövsümün əvvəlindən burada olsaydım, bəlkə də hər şey fərqli olardı. Gələcəkdə zirvədə olmaq əsas hədəfimizdir.”