Acun Ilıcalı “Fənərbağça”dan ayrıldı!
Türkiyənin tanınmış media siması və iş adamı Acun Ilıcalı “Fənərbağça” klubundakı vəzifəsindən ayrılıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayılan açıqlamaya əsasən, Acun Ilıcalı vitse-prezident vəzifəsindən və İdarə Heyətindəki üzvlükdən istefa verdiyini bəyan edib.
Acun Ilıcalı 2023-cü ilin iyun ayında klub rəhbərliyinə daxil olaraq “Fənərbağça”da vitse-prezident kimi fəaliyyətə başlamışdı. Onun klubdakı rolu xüsusilə media, beynəlxalq əlaqələr və xarici tanıtım sahələrində ön planda idi. İl ərzində “Fənərbağça”nın beynəlxalq imicinin gücləndirilməsi və Avropa bazarına çıxışı istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edən Ilıcalının bu qərarı klub ictimaiyyəti tərəfindən sürprizlə qarşılanıb.
Klubun yaydığı qısa açıqlamada Ilıcalının istefa səbəbləri barədə konkret məlumat verilməsə də, qarşılıqlı anlaşma əsasında bu addımın atıldığı bildirilib. Məlumata görə, Acun Ilıcalı şəxsi layihələrinə və digər idman investisiyalarına daha çox vaxt ayırmaq niyyətindədir.
Qeyd: Acun Ilıcalı eyni zamanda İngiltərənin Çempionşip liqasında çıxış edən “Hull City” klubunun sahibidir. O, TV8 kanalının rəhbəri və “Exxen” platformasının təsisçisi olaraq da media və əyləncə sahəsində uğurlu fəaliyyəti ilə tanınır. İngiltərədəki klubu vasitəsilə türk futbolçuların Avropaya inteqrasiyası və tanıdılması istiqamətində ciddi addımlar atır.
Acun Ilıcalının istefası ilə bağlı şəxsi açıqlaması:
“Dəyərli "Fənərbağça" ailəsi,
Böyük qürurla icra etdiyim "Fənərbağça" İdman Klubunun İdarə Heyəti üzvlüyündən ayrıldığımı sizinlə paylaşmaq istəyirəm.
Mən "Fənərbağça"lı doğulmuşam. Sarı-göy forma uşaqlıqdan bəri həyatımın ən saf və ən coşğulu parçası olub. İdarə heyəti çərçivəsində keçirdiyim bu müddət ərzində bəzən çətinliklər yaşasam da, hər an mənim üçün böyük bir şərəf idi. Tənqidlər aldım, dəstək gördüm, mübarizə apardım. Amma heç vaxt bir şeyi unutmadım: Burada hər şey "Fənərbağça" üçün idi.
Cənab prezidentimiz Ali Koça, birlikdə çalışdığım dəyərli rəhbərlik üzvlərinə, dəyərli idmançılarımıza, klub əməkdaşlarımıza və ən əsası, böyük "Fənərbağça" azarkeşlərinə ən səmimi təşəkkürlərimi bildirirəm.
Sevgi və hörmətlə,
Acun Ilıcalı”.
İddia! Bunu Mourinyo istəyirmiş
Acun Ilıcalının klub rəhbərliyindən ayrılmasının pərdəarxası səbəbi məlum olub.
Son günlərdə "Fənərbağça" prezidenti Ali Koç ilə danışıqlar aparan məşhur baş məşqçi Joze Mourinyo Acun Ilıcalı ilə bağlı istəklərini Koça çatdırıb.
Mourinyo Londonda baş tutan görüş zamanı Acun Ilıcalıdan narahat olduğunu bildirib və onunla birlikdə işləmək istəmədiyini açıq şəkildə ifadə edib.
Bu səbəbdən Acun Ilıcalının rəhbərlikdən ayrılmaq qərarı verdiyi iddia olunur.