Belözoğlu: “Arda ən çətin dalğalarda sörf etməyi xoşlayır”
"Xabi Alonso gələndən sonra tamamilə fərqli bir Arda görəcəyik".
Türkiyənin sabiq futbolçusu və hazırda "Antalyaspor"un baş məşqçisi olan Emre Belözoğlu gənc istedad Arda Gülerə ilk dəfə şans verən şəxs kimi onun haqda fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Belözoğlu Ardanın yüksəlişini belə xatırlayır:
“Ardanı ilk dəfə gənclər komandasında 45 dəqiqə izlədim və artıq hamı ondan danışırdı. Mən onu əsas komandaya qaldırdım, 16 yaşı tamam olmamış böyük komandaya məşqlərə qatılmasını təmin etdim. Bəziləri bunun tez olduğunu düşünürdü, yaşının çox gənc olduğunu deyirdilər. Amma mənim tək peşmanlığım onu daha tez oynatmamağımdır. Çünki biz çempionluq uğrunda mübarizə aparırdıq və oyunlar çox gərgin keçirdi… Amma onun cəmi bir ötürməsi ilə belə, necə xüsusi və demək olar ki, mükəmməl bir futbolçu olduğu görünürdü.”
Emre Belözoğlu Ardanın futbolunda onu ən çox təəccübləndirən məqamdan danışarkən bildirib:
“Belə bir istedada, bu dərəcədə ilahi bir bacarığa, bu yaşda bu qədər inkişaf etmiş texnikaya malik futbolçunu çox nadir hallarda görmək olur. O, təkbaşına parlayırdı.”
Ardanın “Real Madrid”ə keçidinə nəzər salaraq Belözoğlu əlavə edib:
“Bəli, mən onun dünyanın ən böyük komandalarında oynayacağını gözləyirdim, açığı.”
Madrid klubundakı inkişafını dəyərləndirən Belözoğlu belə deyib:
“O, daha da yaxşılaşacaq. Hər il inkişaf edir. Həmişə belə olub. Bu mövsüm artıq çox yaxşı çıxış etdi, amma Xabi Alonso gələndən sonra tamamilə fərqli bir Arda görəcəyik. O daha da inkişaf edəcək. Bu mövsüm daha yetkin bir Arda izləyəcəyik.”
Belözoğlu Ardanın potensialına tam inandığını ifadə edərək deyib:
“Mən demişdim ki, o, öz nəslindən daha yaxşı olacaq. Bunu zaman göstərəcək, buna nail olacaq ya yox, amma inanıram ki, o, digərlərindən seçilib önə çıxacaq bir futbolçudur.”
Ardanın “Real Madrid”də qalıb inkişaf etməsinin, yoxsa daha çox oynamaq üçün icarəyə getməsinin daha doğru olub-olmaması sualına isə Belözoğlu belə cavab verib:
“Mən onun xarakterini tanıyıram. O, çətinlikləri sevir. Onların öhdəsindən gəlməyi sevir. Ən çətin dalğalarda sörf etməyi xoşlayır.”
Qeyd: Yeniyetməlik illərindən bəri erkən istedadı ilə tanınan Belözoğlu “Boğazın Maradonası” ləqəbi ilə tanınıb. Sonradan “Nyukasl”, “Atletiko Madrid” və “Başakşəhər” kimi klublarda çıxış etsə də, onun üçün “Fənərbağça” həyatı boyunca ən önəmli klub olub. Məhz orada futbolçu karyerasını başa vurub və dərhal məşqçiliyə keçid edib. Müvəqqəti baş məşqçi kimi çalışdığı dövrdə isə solaxay gənc istedad Arda Gülerə ilk dəfə şans verən şəxs də o olub.