Coy-Lens Mikels “Sabah”da qaldı
“Sabah” bombardiri ilə yola davam edir. Bakı təmsilçisi komandanın əsas hücumçularından olan Coy-Lens Mikelsin müqaviləsinin müddətini uzadıb.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Ruanda millisinin üzvü ilə yeni 2 illik anlaşma imzalanıb. Bununla da Mikels növbəti mövsümlərdə də “Sabah”ın formasını geyinməyə davam edəcək.
Almaniyalı hücumçu artıq indidən klub tarixinin ən məhsuldar futbolçusu kimi yadda qalıb. O, “Sabah”ın heyətində keçirdiyi 139 matçda 72 dəfə rəqib qapılarına yol tapıb.
Mikels təkcə qolları ilə deyil, qazandığı titullarla da komandanın uğurlarında mühüm pay sahibi olub. Təcrübəli forvard “Sabah”la bir dəfə Azərbaycan çempionluğu yaşayıb, iki dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb.
2025/26 mövsümü isə onun üçün xüsusilə uğurlu alınıb. Misli Premyer Liqasında meydana çıxdığı 25 qarşılaşmada 19 qol vuran futbolçu mövsümü çempionatın bombardiri kimi başa vurub.
© Copyright 2026, All Rights Reserved