"Fənərbağça"dan iki bomba- Müdafiə güclənir
Yeni mövsümə iddialı başlamaq istəyən “Fənərbağça” yay transfer dönəminə sürətli giriş etməyə hazırlaşır. Klubun ilk hədəfi “Mançester Siti”nin təcrübəli sağ cinah müdafiəçisi Kayl Uolker olub.
90plus.az xəbər verir ki, “Fənərbağça” artıq Uolker ilə danışıqlara başlayıb və tərəflər arasında təmaslar müsbət istiqamətdə davam edir. İngiltərəli futbolçunun transferinin gerçəkləşmə ehtimalı yüksək qiymətləndirilir.
Uolker ötən mövsümün ikinci yarısını “Milan”da icarə əsasında keçirib və təcrübəsi ilə seçilir. Sarı-göylər bu keçidi reallaşdırmaqda israrlıdır.
Bundan əlavə, “Fənərbağça”nın növbəti hədəfinin tanınmış sima – komandanın keçmiş futbolçusu Kim Min-ce olduğu iddia olunur. Hazırda “Bayern Münhen”də çıxış edən cənubi koreyalı müdafiəçi Almaniya klubunda əsas heyətdən kənarda qalıb və gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşanır.
Məlumata görə, Kim Min-ce-yə Səudiyyə Ərəbistanından ciddi təkliflər gəlsə də, o, bu variantlara isti yanaşmır. “Fənərbağça” isə futbolçunun vəziyyətini yaxından izləyir və onu yenidən heyətinə qatmaq istəyir.
© Copyright 2026, All Rights Reserved