"Fənər"in hücumçusuna İtaliyadan "elçi"
"Fənərbağça"nın təcrübəli hücumçusu Edin Dzekonun karyerasında gözlənilməz transfer hadisəsi baş verə bilər.
90plus.az xəbər verir ki, 39 yaşlı bosniyalı forvet yenidən A Seriyasına qayıda bilər.
İtaliyanın "Fiorentina" klubu növbəti mövsüm heyətini təcrübəli bir hücumçu ilə gücləndirməyi planlaşdırır. Bu çərçivədə adı gündəmə gələn ilk futbolçulardan biri də "Fənərbağça"nın forvardı Edin Dzeko olub.
"Ternana News" portalının yaydığı xəbərə görə, "Fiorentina" rəhbərliyi Dzekonu əsasən Moyz Kin üçün alternativ və komanda daxilində tarazlıq yaradan bir fiqur kimi görür.
Klubun əsas məqsədi növbəti mövsüm həm A Seriyada, həm də Avropa turnirlərində sabit çıxış etməkdir. Bu məqsədlə baş məşqçi heyəti heyətə təcrübə qatmaq istəyir və uzun illər Avropa futbolunun elitasında oynamış Dzekonun bu baxımdan vacib rol oynaya biləcəyini hesab edir.
Edin Dzeko bu mövsüm "Fənərbağça"nın heyətində 53 rəsmi oyunda iştirak edib, 21 qol və 8 assistlə komandasının əsas hücum silahlarından birinə çevrilib.
Bosniyalı hücumçu 2023-cü ilin yayında "İnter" klubundan sərbəst transferlə "Fənərbağça"ya keçmişdi.
© Copyright 2026, All Rights Reserved